Trampın Qəzza planı üçün İsraildən şərtlər
Yaxın Şərqdə davam edən gərginlik fonunda İsrail rəsmiləri ABŞ-nin prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı irəli sürdüyü sülh və nizamlanma planının reallaşdırılması üçün öz şərtlərini açıqlayıblar. Tərəflər arasında müzakirələrin intensivləşdiyi bir dövrdə irəli sürülən bu tələblər bölgədəki hərbi-siyasi vəziyyətin gedişatına əhəmiyyətli təsir göstərə bilər.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib ki, burada əsas məsələ ondan ibarətdir ki, tərəflərin mövqeləri uzlaşdırılsın. Biz bilirik ki, hələlik Trampın irəli sürdüyü planla İsrailin qoyduğu şərtlər arasında ciddi fərq var:
“Yəni bu mövqelərin uzlaşdırılması baş vermədən düşünmürəm ki, bölgədə sülh təmin olunsun. Həm Trampın, həm də fələstinlilərin istəyi özlərinin suveren idarə edilməsini formalaşdırmaqdır. Yəni Tramp da istəyir ki, texnokratlardan ibarət bir idarəetmə qrupu yaradılsın və onlar həmin əraziləri müvəqqəti idarə etsinlər, sonrakı mərhələdə isə daha da ciddi, idarəetmə institutu yaradılsın. Bu baxımdan tərəflərin mövqeləri arasında ciddi ziddiyyət mövcuddur və hər iki tərəf məsələyə özlərinin təhlükəsizlikləri kontekstindən yanaşırlar. Yəni Fələstinlilər hesab edirlər ki, İsrailin şərtləri təmin olunarsa, o zaman bu son nəticədə Fələstinlilərin, ümumiyyətlə Qəza bölgəsinin tam olaraq İsrailin nəzarətində qalmasını təmin edəcəkdir".
Politoloq qeyd edir ki, İsrail hesab edir ki, hər şeydən öncə ərazinin hərbisizləşdirilməsi təmin olunmalıdır:
“Fələstinlilər də öz növbəsin İsraildən Qəza bölgəsindən qoşunların geri çəkilməsini tələb edirlər ki, onlar da öz suveren idarəetmə sistemlərini qura bilsinlər. Burada bu məsələlər, bu məsələlərlə bağlı mövqelərin uzlaşdırılması çox mürəkkəb görünür. O baxımdan da tez bir zamanda bölgədə sülhün əldə olunacağına inam azdır. Lakin ABŞ-nin kifayət qədər təsir imkanları var. Ona görə bundan başqa digər vasitəçi ölkələr də tərəflər arasında mövqelərin uzlaşdırılması istiqamətində təsirli addımlar atarlarsa, bu vəziyyətin müəyyən qədər stabilləşməsinə təsir edə bilər”.
Xədicə İsmayılova