00:00:00
Yazar
Zəhra Həsənova
10.04.2026 21:37 23 2 dəq oxuma
Sosial

Transfer qaydalarında sərt dəyişikliklər: tələbələr üçün yeni məhdudiyyətlər tətbiq olunub

Transfer qaydalarında sərt dəyişikliklər: tələbələr üçün yeni məhdudiyyətlər tətbiq olunub

Universitet və ya ixtisas dəyişmək istəyən tələbələr üçün transfer prosesi artıq daha məhdud və selektiv hala gətirilib. Yeni qaydalara əsasən, köçürülmə yalnız yay tətilində ildə bir dəfə həyata keçiriləcək, ixtisas dəyişimi isə yalnız eyni ixtisas qrupu daxilində mümkün olacaq. Bundan əlavə, tələbələrin transfer hüququ əldə etməsi üçün təhsil proqramının ən azı yarısı qədər kredit toplamaları tələb olunur. Qaydalar həmçinin bəzi kateqoriyalara - magistratura tələbələri, son kursda oxuyanlar, subbakalavrlar və attestatla xaricdə təhsil alıb ölkəyə köçürülmək istəyənlər üçün ciddi məhdudiyyətlər qoyur.

 

Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli “İnformator.az”a açıqlamasında bildirib ki, əvvəlki illərdə transfer prosesi ildə iki dəfə həyata keçirilirdi. Yeni qaydaların sərtləşdirilməsi əsasən sistemdəki boşluqların aradan qaldırılması və təhsil keyfiyyətinə nəzarətin gücləndirilməsi ilə bağlıdır:

 

“Dəyişikliyin əsas səbəblərindən biri kimi bəzi abituriyentlərin Dövlət İmtahan Mərkəzində yüksək nəticə əldə edə bilmədikdən sonra Türkiyə, Ukrayna, Kipr və Gürcüstan kimi ölkələrdəki ali təhsil müəssisələrinə üz tutması, daha sonra isə müəyyən müddətdən sonra ölkəyə qayıdaraq transfer müraciəti etməsi göstərilir. Bu isə ümumi təhsil sistemində müəyyən çətinliklər yaradırdı. Bu səbəbdən artıq tələbələrin qəbul olunduqları universitetlər və keçdikləri təhsil prosesi daha ciddi şəkildə yoxlanılır, onların akademik göstəriciləri və uyğunluq meyarları nəzərə alınır. Yeni yanaşmaya əsasən, tələbələrin qəbul olunduğu xarici ali təhsil müəssisələri də daha ciddi şəkildə yoxlanılır. Belə ki, həmin universitetlərə qəbul olunma qaydası, tədris prosesində iştirak səviyyəsi, akademik borcları və digər göstəricilər nəzərə alınır. Bu səbəbdən transfer prosesi artıq ildə bir dəfə olmaqla daha sərt qaydalar əsasında həyata keçirilir”.

 

Məzahir Məmmədli bildirib ki, yeni qaydalar həmçinin ixtisas dəyişimi və akademik keçidlərdə də məhdudiyyətləri artırır və tələbələrin yalnız müəyyən çərçivə daxilində seçim etməsinə imkan yaradır: 

 

“Bir zamanlar transfer məsələsində daha yumşaq yanaşma mövcud idi. Lakin hazırda bu proses daha ciddi şəkildə tənzimlənir və bəzi hallarda tələbələr üçün çətinliklər yaradır. Xüsusilə, magistratura səviyyəsində ixtisas dəyişikliklərinə də məhdudiyyətlər tətbiq olunub. Belə ki, tələbələr yalnız Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi I, II, III, IV və V ixtisas qrupları üzrə qəbul olduqları sahələr çərçivəsində ixtisas seçimləri edə bilirlər. bu məhdudiyyətlərin əsas məqsədi qəbul sistemində nizam-intizamı gücləndirməkdir. Bununla belə, xaricdə təhsil alıb ölkəyə qayıdan tələbələrin diplomlarının tanınması məsələsi də əlavə imtahan tələbləri ilə müşayiət olunur. Bütün bu proseslər ümumilikdə qəbul qaydalarından qaynaqlandığı üçün, sistemdə müəyyən islahatlara ehtiyac var. Qəbul qaydalarında ediləcək dəyişikliklərin gələcəkdə həm transfer prosesinə, həm də xaricdə təhsil almış tələbələrin ölkədə tanınmasına müsbət təsir göstərə bilər”.

 

Fatimə Hüseynli

#yeni #sərt #olunub #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər