"TRİPP layihəsi ABŞ-nin regiondakı nüfuzunu gücləndirir”-ŞƏRH
ABŞ və Ermənistan arasında TRİPP ("Tramp marşrutu") layihəsi üzrə sazişin yaxın həftələrdə imzalanacağı regionda yeni siyasi və iqtisadi proseslərə marağı artırıb. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, layihə artıq siyasi baxımdan razılaşdırılıb və müxtəlif ölkələr ilə şirkətlər bu təşəbbüsə maraq göstərir.
Mövzu ilə bağlı “İnformator.az"a açıqlamasında siyasi şərhçi Elmir Səftərov bildirib ki, TRİPP layihəsi Cənubi Qafqazın nəqliyyat və geosiyasi xəritəsini yenidən formalaşdırmağa yönələnstrateji təşəbbüsdür:
"ABŞ-nin vasitəçiliyi ilə reallaşdırılması nəzərdə tutulan bu marşrut Vaşinqtonun regiondakı geosiyasi və iqtisadi nüfuzunu gücləndirmək məqsədi daşıyır. Layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən mühüm marşrut olmaqla, ölkənin regional tranzit mərkəzi kimi mövqeyini daha da möhkəmləndirəcək. Yeni avtomobil və dəmir yolu infrastrukturu vasitəsilə həm yükdaşımaların təhlükəsizliyi təmin ediləcək, həm də Asiya ilə Avropa arasında birbaşa bağlantı yaradılacaq. Bu xüsusiyyətlərinə görə TRİPP-in Orta Dəhlizin əsas hərəkətverici qüvvələrindən birinə çevrilməsi gözlənilir".
Elmir Səftərov qeyd edib ki, 2025-ci ildə Vaşinqtonda keçirilən yüksəksəviyyəli görüşlərdən sonra ABŞ-nin Cənubi Qafqazda uzunmüddətli strateji iştirak perspektivi daha real xətlərlə formalaşmağa başlayıb:
“Bu isə regionun Qərbin təhlükəsizlik və nəqliyyat strategiyalarının tərkib hissəsinə çevrilməsi deməkdir. Layihənin ən mühüm geosiyasi nəticələrindən biri regionun ənənəvi güclərinin təsir rıçaqlarını zəiflətmək potensialıdır. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda nəzərdə tutulan nəzarət mexanizmlərinin faktiki olaraq arxa plana keçməsi regiondakı balansı dəyişir. Moskva regional kommunikasiyalar üzərindəki moderatorluq rolunu itirir və ABŞ bölgəyə daxil olur. Yeni marşrut qlobal ticarət axınlarının Rusiya və İran ərazilərindən keçmədən, birbaşa Qərbə çıxışını təmin edir. Bu isə Tehranın regional tranzit və iqtisadi təsir imkanlarını müəyyən qədər məhdudlaşdırır. Dəhlizin İran-Ermənistan sərhədinin bilavasitə yaxınlığından keçməsi Tehran üçün ciddi təhlükəsizlik narahatlığı yaradır.
"TRİPP layihəsi Rusiyanın regiondakı hərbi-siyasi təsirinin zəifləməsi, İranın izolyasiyası və ABŞ-nin daha fəal şəkildə ön plana çıxması ilə xarakterizə olunan yeni geosiyasi mərhələnin əsas elementidir. Bununla belə, ABŞ-nin Ermənistan ərazisində uzunmüddətli perspektivdə yerləşməsi regionda diplomatik rəqabəti və regional güclərin müqavimətini artıra bilər”.
Mehriban Yariyeva