00:00:00
Yazar
Ayan Sadi
19.10.2026 23:01 49 3 dəq oxuma
Maraqlı

Tullantıların emalı: ekoloji vəziyyət hansı səviyyədədir?

Tullantıların emalı: ekoloji vəziyyət hansı səviyyədədir?

Azərbaycanda tullantıların emalı üzrə müasir infrastrukturun yaradılması ətraf mühitin qorunmasına və ekoloji problemlərin azaldılmasına müsbət təsir göstərə bilər. Ekoloq Sevil Yüzbaşova deyir ki, bu sahədə müasir texnologiyaların tətbiqi ilə yanaşı, əhalinin maarifləndirilməsi də vacibdir.

 

“Belə bir infrastruktur həm təbiətin, həm də əhalinin sağlamlığının qorunmasında mühüm rol oynayacaq. Lakin ölkədə təkcə infrastruktur yaratmaq kifayət deyil. Əhali ilə də paralel iş aparmaq lazımdır ki, yaradılan imkanlardan düzgün istifadə edilsin və sistem uzunömürlü olsun. Ölkə ərazisində çoxsaylı poliqonlar var, amma hər yerdə yoxdur. Bir sıra kəndlər, qəsəbələr, hətta iri yaşayış məntəqələri sözün əsl mənasında zibil içindədir. Bu hal ətraf mühitə ciddi ziyan vurur”.

 

Ekoloqun sözlərinə görə, köhnə üsulla idarə olunan poliqonlarda tullantıların parçalanması nəticəsində yaranan zərərli mayelər torpağa və yeraltı su mənbələrinə sızır. Müasir zavodların və izolyasiyalı poliqonların yaradılması isə bu riskləri azalda bilər.

 

“Tullantıların çeşidlənməsi və təkrar emalı poliqonların tutduğu torpaq sahələrinin azalmasına, torpağın zibilliklərin zərərli təsirindən qorunmasına şərait yaradır”.

 

Sevil Yüzbaşova açıq zibilliklərdə yaranan metan qazının iqlim dəyişikliyinə təsirini də diqqətə çatdırır. Bildirir ki, müasir texnologiyalar vasitəsilə bu qazın tutulması həm atmosferə buraxılan istixana qazlarının azaldılmasına, həm də alternativ enerji istehsalına imkan yaradır.

 

“Tullantıların yandırılması və ya qazlaşdırılması nəticəsində əldə olunan enerji ənənəvi qalıq yanacaqlardan asılılığı və müvafiq olaraq karbon emissiyalarını azalda bilər. Bildiyimiz kimi, Balaxanı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu fəaliyyət göstərir. Burada tullantıların yandırılması nəticəsində enerji əldə olunur. Kağız, plastik, şüşə və metalın təkrar emalı isə yeni məhsulların istehsalı üçün təbii ehtiyatlardan istifadəni azaldır. Təkrar emal olunmuş materiallardan məhsul istehsalı ilkin xammalın emalı ilə müqayisədə daha az enerji tələb edə bilər. Bu da ətraf mühitə düşən yükün azalmasına kömək edir”.

 

Ekoloq qeyd edir ki, tullantıların düzgün idarə olunması plastik tullantıların Xəzər dənizinə, çaylara və meşəlik ərazilərə atılmasının qarşısını almaq baxımından da əhəmiyyətlidir.

 

“İnsanlar məişət tullantılarını bəzən yaxınlıqdakı su mənbələrinə atırlar. Müasir idarəetmə sistemləri dəniz canlılarının və vəhşi heyvanların plastik tullantılar səbəbindən zərər görməsi hallarını azaltmağa kömək edə bilər”.

 

Sevil Yüzbaşovanın sözlərinə görə, açıq poliqonlarda baş verən yanğınlar və yayılan xoşagəlməz qoxular da tullantıların müasir üsullarla idarə olunması sayəsində azaldıla bilər. Bu, həmin ərazilərdə yaşayan insanların həyat keyfiyyətinin yüksəlməsinə və hava çirklənməsinin qarşısının alınmasına töhfə verər.

 

Ekoloq hesab edir ki, Azərbaycanda tullantıların emalı üzrə müasir infrastrukturun yaradılması ekoloji təhlükəsizliklə yanaşı, iqtisadi və sosial inkişafa da müsbət təsir göstərə bilər. Bununla belə, ölkədə yaranan bərk məişət tullantılarının böyük hissəsinin hələ də poliqonlara daşındığını bildirir.

 

“Son illərdə həyata keçirilən layihələr və dövlət strategiyaları çərçivəsində aparılan islahatlar bu sahədə gələcək nəticələri proqnozlaşdırmağa imkan verir. Azərbaycanda tullantıların çeşidlənməsi və təkrar emalı sistemlərinin genişləndirilməsi onların poliqonlara yönəldilən həcminin azalmasına şərait yarada bilər. Dünyada bu sahədə müxtəlif təcrübələr mövcuddur. Bəzi ölkələr digər ölkələrdən tullantı idxal edərək onları təkrar emal edir və ikinci dərəcəli xammal kimi istifadə edirlər. Məncə, Azərbaycanda tullantı probleminin həlli üçün ilk növbədə bu sahədə təcrübəsi olan ölkələrlə və ya müvafiq şirkətlərlə əməkdaşlıq qurmaq lazımdır. Bu, tullantıların daha səmərəli emalına və ətraf mühitin təmizlənməsinə kömək edə bilər. Əks halda, mövcud problemin həlli daha uzun müddət tələb edə bilər”.

 

Aynur Əhmədli

#xəbər #səviyyədədir? #tullantıların #ekoloji
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər