00:00:00
Yazar
Ayşən Səlimova
30.03.2026 19:37 116 2 dəq oxuma
İqtisadiyyat

Turizm inkişaf edir, yoxsa yerli həyat sıxışdırılır?

Turizm inkişaf edir, yoxsa yerli həyat sıxışdırılır?

Son illərdə turizm bir çox ölkələrin iqtisadi inkişafında mühüm rol oynayır. Xarici turist axını yeni iş yerləri yaradır, xidmət sektorunu canlandırır və ölkənin tanıtımına töhfə verir. Lakin bu inkişafın digər tərəfi də mövcuddur. Bəzi hallarda turizmin sürətli artımı yerli əhalinin gündəlik həyatına mənfi təsir göstərir, qiymətlərin bahalaşmasına, mədəniyyətin kommersiyalaşmasına və şəhərlərin “turist mərkəzlərinə” çevrilməsinə səbəb olur. Bu baxımdan əsas sual yaranır: turizm həqiqətən hamı üçün faydalıdır, yoxsa yalnız müəyyən qruplara üstünlük verir?

 

Mövzu ilə bağlı turizm eksperti Ceyhun Aşurov “İnformator.az”a bildirib ki, əlbəttə ki, turizm ölkələrə xarici valyuta daxil olmasına şərait yaradan ən maraqlı və dinamik iqtisadi sahələrdən biridir:

 

“Bu mənada bir çox ölkələr öz mövcud rekreasiya resurslarından, xüsusən də zəngin rekreasiya resurslarına malik olan ölkələr çox rahatlıqla turist cəlb edə bilir və bununla da ölkəyə valyuta daxilolmalarını artıra bilirlər. Biz həmişə turizmin müsbət tərəflərini qeyd edirik. Əlbəttə ki, bu sahə yeni iş yerləri yaradır, vergi daxilolmalarını artırır, infrastrukturun inkişafına səbəb olur və gəlirlərin regionlar üzrə paylanmasına şərait yaradır. Amma müəyyən həddən sonra turist sayının artması bəzi mənfi təsirlərə də səbəb ola bilər. Elmi ədəbiyyatlarda da qeyd olunur ki, turizmin mənfi təsirləri sırasında yerli mədəniyyətlərin aşınması və kommersiyalaşması, eyni zamanda əxlaqi-mənəvi normalarda müəyyən dəyişikliklər yer alır. Bundan əlavə, cinayət hallarının, narkotik dövriyyəsinin və digər xoşagəlməz hadisələrin artmasına səbəb ola bilər. Həmçinin atmosferin və ümumilikdə ətraf mühitin çirklənməsi kimi problemlər də yaranır. Dövlətlərin əsas siyasəti bundan ibarətdir ki, turizmin inkişafını müəyyən nəzarət altında, balanslı şəkildə saxlasınlar ki, mənfi təsirlər minimuma ensin, müsbət tərəflər isə üstünlük təşkil etsin. Bu mənfi təsirlər daha çox turist sayının həddindən artıq artması ilə bağlı olur. Çünki elə ölkələr var ki, öz əhalisi qədər, hətta ondan da çox turist qəbul edir. Bu isə gəlirlərin artmasına baxmayaraq, sosial və mənəvi sahələrdə ciddi problemlər yarada bilər. Bu kimi halların qarşısını almaq üçün dövlətlər müxtəlif rüsum və vergilər tətbiq edərək turizm axınını tənzimləməyə çalışırlar və müəyyən balans yaratmağa çalışırlar. Əlbəttə ki, müasir dövrdə dövlətlərin əsas strategiyası dayanıqlı turizm siyasətinin həyata keçirilməsidir. Məqsəd ətraf mühiti qorumaq, təbiətə zərər vermədən iqtisadiyyata fayda gətirən turizm növlərini inkişaf etdirməkdir. Dövlətlər bu istiqamətdə daha çox iş görməyə çalışırlar ki, turizmdən maksimum dərəcədə faydalana bilsinlər”.

 

Cavahir Əsgərbəyli

#İqtisadiyyat
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər