Turizm xidmətləri üzrə profisit 320 milyon dolara çatıb
Bu ilin 9 ayında turizm xidmətlərinin profisiti 320milyon dollar təşkil edib.
Mövzu ilə bağlı turizm eksperti Ceyhun Aşurov “İnformator.az”a açıqlamasında bildirib ki, gələcəkdə ölkəyə daha çox xarici turist cəlb olunarsa, turizm üzrə profisitin daha da artması mümkündür:
“Mərkəzi Bankın Statistika Departamentinin məlumatına əsasən, turizm balansı üzrə təxminən 320 milyon dollar profisit qeydə alınıb. Rəsmi statistikaya görə, bu ilin 10 ayında ölkəyə gələn əcnəbilərin sayı təxminən 2 faiz azalıb, bu isə onların Azərbaycanda xərclədikləri vəsaitin də azalması deməkdir. Profisitin yaranmasının əsas səbəbi turist sayının artması deyil, Azərbaycan vətəndaşlarının xaricə turizm xərclərinin azalmasıdır. Son dövrlərdə gedən turizm zəifləyib, gələn turizm isə COVID-dən əvvəlki dövrlə müqayisədə 70–80 faiz səviyyəsində bərpa olunub, gedən turizm isə təxminən 50 faiz təşkil edir. 2019-cu ildə ölkəyə 3,2 milyon xarici turist gəldiyi halda, ölkədən çıxanların sayı 5,5 milyon olub. Hazırda bu fərq xeyli azalıb. Bu da göstərir ki, turizmdən əldə olunan gəlirlər vətəndaşların turizm xərclərini üstələyir. Bunun əsas səbəblərindən biri xarici turpaketlərin bahalaşması və daxili turizmin canlanmasıdır. COVID-dən sonra Quba, Qusar, Şamaxı, Qəbələ kimi bölgələrə daxili səfərlər artıb, xərcləmələr əsasən ölkə daxilində həyata keçirilib. Nəticədə valyuta axını azalıb, gəlirlər ölkə daxilində bölüşdürülübdür”.
Fidan Alışova
