00:00:00
Yazar
Elmira Ağayeva
16.09.2026 19:58 195 2 dəq oxuma
Maraqlı

Türk dövlətləri üçün ortaq İnkişaf Bankı

Türk dövlətləri üçün ortaq İnkişaf Bankı

Türk dövlətləri arasında iqtisadi inteqrasiyanın gücləndirilməsi üçün yeni maliyyə mexanizminin yaradılması gündəmdədir. Bunun üçün Ortaq İnkişaf Bankının təsis edilməsi təklif olunur.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki, bu fikir Türk Dövlətləri Təşkilatının fəaliyyət istiqamətlərini genişləndirməsi, müxtəlif sahələrdə yeni təşəbbüslərin olması və bunların reallaşması üçün səmərəli fəaliyyətin tərkib hissəsi olaraq irəli sürülüb:


“Türk dövlətləri üçün ortaq İnkişaf Bankının yaradılması bu regionda həm iqtisadi inteqrasiyanı sürətləndirə, həm də üzv ölkələrin qlobal arenada siyasi çəkisini əhəmiyyətli dərəcədə artıra bilər. Belə bir maliyyə institutu təşkilatın strateji hədəflərinə çatmaq üçün əsas hərəkətverici qüvvə rolunu oynaya bilər. Ortaq İnkişaf Bankının iqtisadi və siyasi əməkdaşlığa göstərə biləcəyi bir sıra əsas təsirlər var ki, bu öncə iqtisadi əməkdaşlığa müsbət təsirlərini ortaya qoya bilər. Bank, Çindən Avropaya uzanan trans-Xəzər nəqliyyat marşrutunun, yəni Orta Dəhlizin infrastruktur layihələrini, dəmir yolları, limanlar, logistik mərkəzləri birbaşa maliyyələşdirə bilər. Birgə bank daxili ticarətdə dollar və avrodan asılılığı azaldaraq, milli valyutalarla hesablaşma sistemlərinin qurulmasına təkan verə, yeni imkanlar yarada bilər. Üzv ölkələrin biznesləri üçün birgə fondlar yaradıla, transsərhəd investisiyalar və birgə müəssisələr daha asan kreditləşdirilə bilər".

Tural İrfan qeyd edib ki, eyni zamanda regional enerji kəmərlərinin, bərpa olunan enerji layihələrinin və vahid rəqəmsal infrastrukturun qurulması üçün ucuz və uzunmüddətli maliyyə qaynağı təmin edilər:


" Həmçinin Türk dövlətləri Dünya Bankı kimi qərb təsisatlarından, yaxud digər böyük güclərin maliyyə şərtlərindən asılılığı azaldaraq daha müstəqil xarici siyasət yürüdə bilərlər. Bütün bunlarla yanaşı birgə kapital qoyuluşu ölkələr arasında qarşılıqlı siyasi etibarı gücləndirir və böhran anlarında regional həmrəyliyi artırır. Bu baxımdan iqtisadi cəhətdən bir-birinə bağlanan dövlətlər beynəlxalq arenada məsələn, BMT və ya digər qlobal platformalarda ortaq siyasi maraqları müdafiə edərkən daha qətiyyətli addımlar ata bilirlər. Bütün bu faktorları nəzərə aldıqda sözü gedən İnkişaf Bankının yaradılması ümumiyyətlə türk dünyasına böyük faydalar gətirə və uğurlu addım kimi gələcəkdə daha ciddi inkişaf vasitəsinə çevrilə bilər".


Nurgün Qənizadə

#azərbaycan #ortaq #baki #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər