"Türkiyə-Aİ münasibətləri NATO-da güc balansına təsir göstərir " - ŞƏRH
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Fransa Prezidenti Emmanuel Makron ilə telefon danışığı aparıb. Liderlər Türkiyə ilə Fransa arasındakı ikitərəfli münasibətlərlə yanaşı, regiondakı münaqişələri, eləcə də qlobal məsələləri müzakirə ediblər.
Bu mövzu ilə bağlı politoloq Asif Nərimanlı “İnformator.az”a açıqlamasında bildirib ki, Ərdoğan və Makronun telefon danışığı regionda baş verən prosesləri müzakirə etməsi əslində düz məntiqlə baxdıqda bu qədər təcili olmamalıdır:
“Fransa ilə Türkiyə arasında olan münasibətlərə baxdıqda, xüsusilə, bu münasibətlərin keçmişinə baxdıqda, Makronun yanlış siyasəti nəticəsində Paris və Ankara arasında olan gərginliyə baxdıqda belə bir müzakirə təbii ki, maraq doğurur, müəyyən suallar yaradır. Əsas səbəbi hesab edirəm ki, Trampın hakimiyyətə gəlişindən sonra Makronun dəyişən siyasətidir. Baydenin dövründə Makron Avropa İttifaqı ilə birlikdə hərəkət edib. Avropa İttifaqında Türkiyəyə qarşı bir münasibət yox idi. Bu münasibətin əsas vəkillərindən biri də həmişə Makron olub. Trampın gəlişindən sonra Amerika və Avropa İttifaqı arasında olan ayrıca xətlər baş verib. Makron da Fransa ilə Avropa İttifaqının əsas ölkəsinə çevrilmək, o cümlədən Fransanın geosiyasi ambisiyalarını məhz Avropa İttifaqı üzərindən həyata keçirmək istəyir. Bu kontekstdə Avropa İttifaqı üçün Türkiyə ilə münasibətlər çox önəmlidir. Çünki Türkiyə həm regionda böyük gücdür, həm də NATO-nun hərbi gücə malik ölkəsidir. Avropa İttifaqı geosiyasi proseslərdən kənarda qalmaq istəmirsə, Türkiyə ilə münasibətlərə ehtiyac var. Düşünürəm ki, Makronun Türkiyə ilə yaxınlaşmaq siyasəti buradan gəlir. Bu münasibətlər, yəni Türkiyə və Avropa İttifaqı münasibətləri NATO daxilində də güc balansına təsir edən amildir. Çünki Amerika faktiki olaraq NATO-dan bir qədər uzaqlaşmaq və daha çox öz maraqlarına uyğun siyasət yürütməyə çalışır. Amerikanın bir qədər arxa plana keçməsi NATO-da güc boşluğu yaradıb və bu güc boşluğunu doldura biləcək əsas ölkə həm hərbi baxımdan, həm siyasi baxımdan Türkiyə hesab olunur. Yəni təbii ki, Avropa İttifaqının Britaniya, Fransa, Almaniya kimi böyük ölkələri var. Amma bu ölkələrin hərbi gücü NATO-da əsas gücə çevrilməsi məsələsində problemlər yaradır. Bu baxımdan Türkiyənin Avropa İttifaqı ilə münasibətləri təbii ki, NATO-da güc boşluğunu da müəyyən qədər doldura bilər”.
Həmçinin şərhçi qeyd edib ki, Amerika ilə indiyə qədər Amerikanın güc təsiri altında fəaliyyət göstərən Avropa İttifaqı bundan sonra Amerikanın çəkilməsi ilə yaranan güc boşluğunu Türkiyə vasitəsilə doldurmaq istəyəcək:
“Yəni bu da NATO daxilində güc balansının müəyyən qədər qorunmasına səbəb ola bilər. Bu məsələdə hər iki ölkənin daxili siyasətinə təsir məsələsinə gəldikdə hesab edirəm ki, bu prosesdə Türkiyənin daxili siyasətinə daha çox təsir edə bilər. Çünki bilirlər ki, Türkiyədə daxili siyasətdə liberal solçu bir qanad var. Bu solçu liberal qanad həmişə Avropadan, Fransanın da rəhbərlik etdiyi müəyyən şəbəkələrdən dəstək görüb. Və bir çox halda Türkiyə və başqa ölkələr NATO-da müttəfiq olsalar belə, demokratiya, insan hüquqları məsələləri üzərindən Türkiyənin daxili siyasətində təzyiq etmək, müdaxilə etmək kimi cəhdlər yaşanıb. Qərbdən bu cəhdlər olub. Düşünürəm ki, Fransa və Türkiyə arasında olan münasibətlərin normallaşması, ümumiyyətlə Avropa İttifaqı və Türkiyə arasında olan münasibətlərin normallaşması Qərbdən Türkiyənin daxili siyasətində bu cür müdaxilələrin zəifləməsinə səbəb ola bilər”.
Günel Əlili