Türkiyənin sülh diplomatiyasında artan rolu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin regional və qlobal münaqişələrin həlli, sülh və sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirəcəyini bildirib.
Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında politoloq Əli Mustafa bildirib ki, Türkiyə, təbii ki, bir çox məsələlərdə, xüsusilə regionla əlaqəli olan proseslərdə bu gün fəal rol oynayan dövlətlərdən biridir:
“Rusiya ilə Ukrayna arasında müharibə başlayandan sonra tərəfləri barışdırmaq, onları bir masa arxasında əyləşdirmək təşəbbüsü ilə çıxış edən ilk ölkələrdən biri də Türkiyə olub. İstanbul görüşləri, İstanbulda baş tutan ilk sülh cəhdləri də bununla bağlıdır. Düzdür, sonradan bu məsələ nəticə ilə yekunlaşmadı. Türkiyə nə qədər cəhd etsə də, çalışsa da, Rusiya ilə Ukrayna arasındakı müharibə dayanmadı və davam etdi. Amma bütün hallarda Türkiyə yenə də bir sülh platforması kimi fəaliyyət göstərməkdə davam edir. Elə indi də Prezident Ərdoğan bu məsələləri diqqət mərkəzində saxlayır. Bundan başqa, ABŞ-İran münaqişəsində də Türkiyə gərginliyin azaldılması istiqamətində təşəbbüslər göstərən tərəflərdən biri olub. Hətta İslamabadda əldə olunan razılaşmanın əsas təşəbbüskarlarından biri kimi də Türkiyənin adını qeyd etmək olar. Burada Pakistan, Qətər və Türkiyənin, xüsusilə Türkiyənin liderliyi ilə tərəfləri bir araya gətirmək və regionda gərginliyi azaltmaq istiqamətində müəyyən cəhdləri olub. Eyni zamanda, Suriya ilə ABŞ və Suriya ilə Avropa ölkələri arasında münasibətlərin qurulması, diplomatik əlaqələrin inkişaf etdirilməsi istiqamətində də Türkiyənin təqdirəlayiq fəaliyyəti var. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində də Türkiyə bu və ya digər formada rol alır. Yəni demək olar ki, hazırda dünyada mövcud olan bir çox böyük münaqişələrdə Türkiyənin iştirakını görürük. Bu da o deməkdir ki, Türkiyə bu gün dünya siyasətinə təsir edə bilən ən ciddi aktorlardan biridir və belə bir potensiala sahibdir ki, müxtəlif münaqişə bölgələrində gərginliyin azaldılmasına və münaqişələrin qarşısının alınmasına vasitəçilik edə bilsin”.
Politoloqun sözlərinə görə, Azərbaycan və Türkiyə arasındakı strateji əməkdaşlıq məsələlərinə gəldikdə isə, əlbəttə, Azərbaycanın Türkiyə kimi strateji müttəfiqinin olması ölkəmizin həm İran, həm Rusiya, həm də digər istiqamətlərdə üzləşə biləcəyi problemlər baxımından mühüm əhəmiyyət daşıyır:
“Eyni zamanda, Azərbaycan-Ermənistan əməkdaşlığının formalaşmasında da Türkiyənin mövqeyi və iştirakı öz sözünü deyir. Biz hətta xatırlayırıq ki, 44 günlük müharibə dövründə Türkiyə birmənalı şəkildə Azərbaycanın yanında oldu. Türkiyənin Azərbaycana verdiyi siyasi dəstək və regiondakı mövqeyi münaqişəyə müdaxilə etmək istəyində olan bir çox üçüncü dövlətlərin qarşısının alınmasında mühüm rol oynadı. Bundan sonrakı prosesləri də xatırlayırıq. 2023-cü ildə ölkə ərazisi tam azad edildi və bölgədə sülhün formalaşması üçün yeni mərhələ başladı. Bu gün Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında əməkdaşlıq mühitinin yaranması istiqamətində proseslər gedir. Düşünürəm ki, bu məsələlərin formalaşmasında Türkiyənin hər zaman ciddi dəstəyini Azərbaycan hiss edib və digər region dövlətləri, o cümlədən Ermənistan və Rusiya da bunun fərqindədir”.
Müsahibin sözlərinə görə, ona görə də bu gün biz addım-addım bölgədə sülhün təsis olunması istiqamətində irəliləyişlərin şahidi oluruq:
“Hazırda mövcud münaqişələrin aradan qaldırılması istiqamətində Türkiyənin səyləri yenə də davam edir. Türkiyə həm ABŞ-İran xəttində gərginliyin azalmasında maraqlıdır, həm də Rusiya-Ukrayna cəbhəsində baş verənləri çox ciddi şəkildə müşahidə edir. Elə son Minsk toplantısında da öz barışdırıcı təşəbbüsləri ilə çıxış edib, yenidən sülh platforması olmaq imkanlarını tərəflərə təklif edib və təqdim edib. Bütün bunlar onu deməyə əsas verir ki, həlli mümkün olan münaqişələrin nizamlanması istiqamətində biz Türkiyənin hər zaman ciddi səylər göstərdiyini görürük. Amma indiki münaqişələr olduqca qlobal xarakter daşıdığına görə, təbii ki, onların tamamilə dayandırılması o qədər də asan deyil. Hətta ABŞ belə Rusiya-Ukrayna müharibəsini dayandıra bilmir. Eyni zamanda, dünyanın böyük bir hissəsi ABŞ-İran qarşıdurmasının qarşısını almaqda çətinlik çəkir. Amma bütün hallarda Türkiyə bir sülh platforması olaraq qalır və bu münaqişələrin hər birinə bu və ya digər formada müdaxilə etmək, vasitəçilik göstərmək imkanlarını saxlayır. Yəni ən azı bütün hallarda münaqişə tərəfləri bilirlər ki, Türkiyə adlı bir sülh platforması mövcuddur”.
Selcan Xudiyeva