00:00:00
Yazar
Ayan Sadi
12.08.2026 20:18 22 2 dəq oxuma
Dünya

Türkiyənin terrorla mübarizəsində yeni strategiya – Valilərin iştirakı gündəmdə

Türkiyənin terrorla mübarizəsində yeni strategiya – Valilərin iştirakı gündəmdə

Türkiyədə valilərin terrorla mübarizə tədbirlərini müzakirə etməsi ölkənin təhlükəsizlik siyasəti baxımından mühüm addımdır. Toplantının əsas məqsədi bölgələrdə təhlükəsizlik tədbirlərini əlaqələndirmək, mövcud təhdidləri qiymətləndirmək və terrorla mübarizədə vahid strategiya müəyyənləşdirməkdir. Bu müzakirələr fonunda Türkiyənin terrorla mübarizə siyasətində qabaqlayıcı tədbirlərin və yerli səviyyədə koordinasiyanın daha da gücləndiriləcəyi gözlənilir.

 

Politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, toplantının əsas məqsədlərindən biri bölgələr üzrə risklərin qiymətləndirilməsi və təhlükəsizlik məlumatlarının daha operativ paylaşılmasıdır.

 

“Nəzərə almaq lazımdır ki, terror təhdidləri artıq yalnız sərhəd bölgələri ilə məhdudlaşmır və fərqli formalarda ortaya çıxa bilir. Buna görə toplantının əsas məqsədinin vilayətlər üzrə risklərin qiymətləndirilməsi, təhlükəsizlik və kəşfiyyat məlumatlarının daha operativ paylaşılması, terror təşkilatlarının maliyyə, logistika və təbliğat şəbəkələrinə qarşı mübarizənin koordinasiyası olduğunu düşünürəm. Valilərin bu prosesdə iştirakı xüsusilə əhəmiyyətlidir, çünki onlar mərkəzi hakimiyyətin təhlükəsizlik siyasətinin yerlərdə icrasına birbaşa cavabdeh olan əsas inzibati fiqurlardır”.

 

Politoloqun sözlərinə görə, Türkiyənin terrorla mübarizə siyasətində qarşıdakı mərhələdə əsas diqqət təhlükənin əvvəlcədən müəyyənləşdirilməsinə və qarşısının alınmasına yönələ bilər.

 

“Türkiyənin terrorla mübarizə siyasətində qarşıdakı mərhələdə daha çox preventiv və kəşfiyyat əsaslı yanaşmanın güclənəcəyini gözləmək olar. Yəni məqsəd yalnız terror aktı baş verdikdən sonra müdaxilə etmək deyil, təhlükəni əvvəlcədən müəyyənləşdirərək onun qarşısını almaqdır. Bu çərçivədə sərhəd təhlükəsizliyi, rəqəmsal platformalarda radikallaşmanın və terror təbliğatının izlənilməsi, terrorun maliyyələşdirilməsinin qarşısının alınması və müxtəlif dövlət qurumları arasında məlumat mübadiləsinin genişləndirilməsi prioritet ola bilər”.

 

Züriyə Qarayeva hesab edir ki, Türkiyənin terrorla mübarizə strategiyası ölkə daxilindəki tədbirlərlə yanaşı, Suriya və İraq istiqamətində təhlükəsizlik siyasətini də əhatə edə bilər.

 

"Eyni zamanda Türkiyənin Suriya və İraq istiqamətində sərhəddənkənar təhlükəsizlik strategiyasını davam etdirəcəyi, ölkə daxilində isə terror təşkilatlarının sosial və logistika bazasının tamamilə sıradan çıxarılmasına yönəlmiş daha sistemli tədbirlərə üstünlük verəcəyi gözlənilir”.

 

Mehriban Yariyeva

 

 

#xəbər #mübarizəsində #iştirakı #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər