Üçüncü ixtisas qrupuna maraq niyə azalıb?
Bu il ali məktəblərə qəbul zamanı III ixtisas qrupu üzrə seçim edən abituriyentlərin sayında azalma müşahidə olunur. Halbuki əvvəlki illərdə bu qrup daha çox abituriyentin üstünlük verdiyi istiqamətlərdən biri idi. Mütəxəssislər bu dəyişikliyi abituriyentlərin ixtisas seçimində prioritetlərinin dəyişməsi və əmək bazarındakı yeni tələblərlə əlaqələndirirlər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, üçüncü ixtisas qrupuna marağın azalması əslində gözlənilən bir prosesdir və mən bunu təhsilin "ayağının yerə dəyməsi" kimi qiymətləndirirəm:
“İllərdir bizdə belə bir tendensiya var idi: "Riyaziyyatı bacarmırsansa, get üçüncü qrupa". Bu yanaşma həmin qrupu bir növ sığınacaq yerinə çevirib. Amma artıq dövr dəyişib, abituriyentlər və valideynlər daha praqmatik düşünməyə başlayıblar. Bu azalmanın ən böyük səbəbi əmək bazarındakı amansız reallıqdır. Gənclər görürlər ki, bu gün texnologiya, mühəndislik və rəqəmsal sahələr daha çox gəlir və perspektiv vəd edir. Süni intellektin, proqramlaşdırmanın bu qədər ön plana çıxdığı bir vaxtda, humanitar sahələrdə iş tapmaq və rəqabətə davam gətirmək çətinləşib. İnsanlar artıq sadəcə "diplomum olsun" deyə deyil, "bu diplom mənə çörək verəcəkmi?" sualı ilə hərəkət edirlər. Bu da təbii olaraq axını birinci və ikinci qruplara, yəni daha texniki və iqtisadi yönümlü sahələrə yönəldir.
Digər tərəfdən, üçüncü qrupda rəqabətin həddindən artıq yüksək, keçid ballarının isə bəzən fantastik dərəcədə yuxarı olması abituriyentləri bir qədər ehtiyatlı davranmağa vadar edir. Eyni əziyyəti çəkib başqa qrupda daha perspektivli bir ixtisasa qəbul olmaq imkanı varkən, niyə özünü riskə atsınlar? Yəni, burada həm bir "qaçış", həm də şüurlu bir seçim var.
Bir məqamı da unutmayaq ki, dövlət sifarişli yerlərin paylanmasında da biz prioritetlərin dəyişdiyini görürük. Texnoloji ixtisaslara ayrılan yerlərin artması, stimullaşdırıcı tədbirlər gənclərin seçimində həlledici rol oynayır. Qısası, artıq "filoloq olum, bəlkə haradasa iş taparam" dövrü bitir, "hansı peşə məni gələcəyə daşıyar?" dövrü başlayır. Bu azalma əslində təhsil alanların əmək bazarının tələblərinə uyğunlaşma cəhdidir və mən bunu müsbət bir siqnal kimi görürəm".
Abituriyent Səkinə Paşayevada fikirlərini bizimlə bölüşüb. O bildirib ki, əlbəttə, seçdiyimiz ixtisas, yönəldiyimiz peşə yalnız bizim universitet həyatımızla kifayətlənməyərək gələcək həyatımıza seçdiyimiz yoldur:
Bu, mənim başlıca gələcəyimlə bağlı əminliyimdir.
Eyni qərarı verərdimmi? Bəli. Burada müəyyən qədər zidd fikirlər ortaya çıxsa da, mənim seçdiyim ixtisas 3-cü qrupda idi. Bununla yanaşı, balların yüksək olması, yalnız humanitar əzbər fənlərin olması, ixtisas seçiminin digər qruplara görə az olması əlbəttə ki, məni düşünməyə vadar edir. Bu, bir növ riskdir. Amma əzm, zəhmət və sonuna qədər gücünü itirməmək sonda uğurlu nəticəyə gətirir. Əvvəla, seçdiyim repetitor başlıca önəmli idi. Müəllimlər yalnız bilik vermir, bəzən bizə büdrəməyə icazə verməyən, güc verən şəxslərdir və bu, vacib amildir. Sonra blok fənlərin humanitar olduğunu nəzərə aldım ki, yalnız əzbər və öyrənmək tələb olunur. Ballar yaxud yerin az olması, şagirdlərin çoxluğu ilə o qədər fikrimi ora yönləndirmədim. Bu, zehni yorğunluğa gətirir və insan tez motivasiyadan düşür. Mən bunları daha sonra, imtahanlar bitdikdən sonra düşünməyin daha yaxşı olduğunu hesab edirəm”.
Səadət Əlizadə