00:00:00
Yazar
Ayan Sədi
12.04.2026 13:50 26 2 dəq oxuma
Sosial

Ucuz gözəllik vədlərinin ağır fəsadları: İnyeksion müdaxilələrdə ölümcül risklər

Ucuz gözəllik vədlərinin ağır fəsadları: İnyeksion müdaxilələrdə ölümcül risklər

Müasir estetik tibb dünyasında xarici görünüşə olan maraq artdıqca, bu sahə həm də ən təhlükəli "tibbi cinayətlərin" mərkəzinə çevrilir. Sosial şəbəkələrdəki filtrli reklamların sehrinə düşən minlərlə insan, bir neçə aylıq kurs sertifikatı ilə özünü "mütəxəssis" elan edənlərin qurbanı olmaq təhlükəsi ilə üz-üzədir. Bəs, güzgüdəki arzulanan görüntü üçün edilən bir iynəli müdaxilə həyatı qaralda bilərmi?

 

Mövzu ilə bağlı həkim-kosmetoloq Gülər İbrahimova "İnformator.az"a açıqlamasında bildirib ki, ali tibbi təhsili olmayan şəxslərin invaziv prosedurlar həyata keçirməsi birbaşa insan həyatına qəsddir:

 

"Tibbi təhsili olmayan birinin yalnız qısa kurs bitirməklə insan üzünə iynəli müdaxilə etməsi həm qanunvericilik, həm də pasiyent təhlükəsizliyi baxımından qəbuledilməzdir. Bu, tibbi baxımdan ciddi riskdir və ağır fəsadlara yol açır. Xüsusilə sosial mediadakı filtrli nəticələr pasiyentlərdə yanlış gözləntilər yaradır. Bizim əsas prinsipimiz zərər verməmək olmalıdır. Əgər prosedur pasiyentin səhhətinə risk yaradırsa və ya ona uyğun deyilsə, biz mütləq şəkildə həmin şəxsi imtina etməyə yönləndirməliyik".

 

Mütəxəssis qeyd edib ki, bazarda mənşəyi bilinməyən minlərlə preparatın olması vətəndaşlardan daha diqqətli olmağı tələb edir. Onun sözlərinə görə, hər bir pasiyent mütəxəssisdən rəsmi sənədləri tələb etmək hüququna malikdir:

 

"Pasiyent istifadə olunan preparatın Səhiyyə Nazirliyi və ya rəsmi distribütor tərəfindən verilən qeydiyyat sənədini, sertifikatını, istehsalçı məlumatlarını və son istifadə tarixini mütləq görməlidir. Məhsulun orijinal qablaşdırması pasiyentin gözü qarşısında açılmalıdır".

 

Qeyri-peşəkar mühitdə edilən müdaxilələrin fəsadlarına toxunan Gülər İbrahimova, ev şəraitində aparılan prosedurların geri dönülməz yaralar açdığını vurğulayıb:

 

"Qeyri-steril şəraitdə edilən inyeksiyalar infeksiya, abses, toxuma nekrozu (çürüməsi), damar tutulması və hətta korluq kimi ağır fəsadlara səbəb ola bilər. Bu səbəbdən estetik prosedurlar yalnız uyğun tibbi şəraitdə və peşəkar həkim tərəfindən aparılmalıdır".

 

Estetik müdaxilələr sadəcə vizual dəyişiklik deyil, ciddi cərrahi və tibbi məsuliyyətdir. "Ucuz və sürətli" gözəllik vədləri verən saxta mütəxəssislərin qurbanına çevrilməmək üçün rəsmi sənədləri və tibbi təhsili sorğulamaq hər bir vətəndaşın öz sağlamlığı qarşısında borcudur.

 

Lalə Əhməd

#fəsadları: #ağır #ucuz #azərbaycan #risklər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər