ÜDM artdığına görə büdcə gəlirləri artır
Gələn il dövlət büdcəsinin 57%-i, icmal büdcənin isə 63%-i qeyri-neft hesabına ödəniləcək.
Mövzu ilə bağlı olaraq iqtisadçı Xalid Kərimli "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycanda qeyri-neft sektoru kəskin inkişaf edib:
“Azərbaycanda neftin iqtisadiyyatda rolu azalır və büdcədə qeyri-neft sektorunun payının artması ölkənin neftdən asılılığını tədricən azaldır. Bu necə azaldır deyəndə, sualın cavabı ondan ibarətdir ki, büdcə gəlirlərinin təxminən 63%-i artıq qeyri-neft sektorundan formalaşır. Əvvəllər bu göstərici daha aşağı idi, indi isə getdikcə daha çox vergi və gəlirlər qeyri-neft sektorundan toplanır.
Amma hələlik qeyri-neft sektorunun gəlirləri sürətlə artmadığına görə bu, əsaslı dəyişiklik yaratmır. Çünki 2025-ci ilin büdcəsində xərclər istiqamətində ciddi artım proqnozlaşdırılmır, cüzi artım gözlənilir. Yəni neftdən daha az vəsait gəldiyi üçün qeyri-neft sektorunun vergi gəlirləri hesabına büdcə təmin olunur. Əgər qeyri-neft sektorundan gəlirlər olmasaydı, ümumiyyətlə, büdcə kəsiri daha böyük olardı.
Məsələn, əvvəllər büdcə üçün 500 manat neftdən, 500 manat qeyri-neftdən gəlirdi. İndi isə, eyni 1000 manatlıq xərc ehtiyacı üçün 400 manat neftdən, 600 manat qeyri-neftdən gəlir. Yəni neftin payı azalır, qeyri-neftin payı artır. Amma bu, o demək deyil ki, qeyri-neft sektoru kəskin inkişaf edib ,sadəcə, neftdən gələn gəlir azalıb.Qeyri-neft sektorunun əsl inkişafı üçün ixracın artması vacibdir. Yalnız bu halda qeyri-neft sektoru iqtisadiyyatda daha ciddi rol oynaya bilər və ölkənin neftdən asılılığı azalacaq”.
Arzu Poladova
