00:00:00
Yazar
Admin User
13.01.2026 10:39 157 3 dəq oxuma
İqtisadiyyat

Ukrayna 800 milyard tələb edir, Avropa çökəcək!

Ukrayna 800 milyard tələb edir, Avropa çökəcək!

AB Macarıstandan pulun Ukraynaya ayrılması üçün ailə dəstəyi, pensiya, ucuz enerji, xəstəxanalar və ədalətli vergi sistemindən imtina etməyi tələb edir. Bunu Macarıstanın Baş naziri Viktor Orban “X” səhifəsində yazıb.

 

“Ukrayna növbəti on il ərzində hərbi xərclər nəzərə alınmadan 800 milyard avro tələb edir. Biz imtina edirik! Bu yol Avropanı zəiflədir və onu iqtisadi çöküşə aparır. Macarıstan öz xalqının mənafeyini hər şeydən üstün tutmağa davam edəcək”, - o bildirib.

 

Mövzu ilə əlaqədar iqtisadçı ekspert Günay Hüseynova “İnformator.az”a açıqlama edib:

 

“İqtisadçı kimi Macarıstanın Baş naziri Viktor Orbanın açıqlamasını olduqca məqsədəuyğun və yerində hesab edirəm. Məlumdur ki, hər bir ölkə üçün vətəndaşların sosial-iqtisadi rifahı prioritet məsələdir. Hazırda qlobal iqtisadiyyatda geosiyasi balansın pozulması, ölkələrarası münasibətlərdə gərginliklər və iqtisadi sanksiyalar şəraiti gələcək dövr üçün dövlətləri təlaşlı vəziyyətə salır. Bu baxımdan Macarıstan Baş naziri Viktor Orbanın narahatlığı başadüşüləndir”. 

 

G. Hüseynova qeyd edib ki, Avropa İttifaqının ümumi iqtisadi həcmi hazırda 16,5–16,8 trilyon avro civarındadır:

 

“Qeyd olunan 800 milyard avro isə bunun təxminən 4,7–4,8 faizini təşkil edir. Bu isə təbii olaraq üzv ölkələr üçün dövlət büdcəsi kəsirinin və xarici borclanmanın artmasına səbəb olur. Hazırda Avropa İttifaqında xarici borcun ÜDM-ə nisbəti artıq 90 faizə yaxınlaşır.

 

Əgər bu məbləği 10 ilə bölsək, illik təxminən 80 milyard avro edir. Avropa İttifaqı qısamüddətli perspektivdə bu məbləği qarşılaya bilər. Lakin növbəti illərdə yaranacaq iqtisadi risklər həmin yükün davamlı şəkildə qarşılanmasını çətinləşdirə bilər. Məlumdur ki, Avropa ölkələrinin bir qisminin daxili borcu artıq yüksək səviyyədədir. Bundan əlavə, Avropada yaşlı əhalinin sayının artması pensiya xərclərinin də ilbəil yüksəlməsinə səbəb olur. Sosial müdafiə xərcləri inflyasiya ilə birbaşa bağlıdır və bu da dövlətlərin maliyyə yükünü artırır. Dövlətlərin öz daxili iqtisadi xərcləri də mövcuddur və bu xərclər artmaqdadır.

 

Bütün bunları ümumi fon kimi qiymətləndirsək, mövcud şəraitdə bu maliyyə yükü qısa müddətdə qarşılana bilər. Lakin bu, üzv ölkələrin maliyyə yükünü və xarici borcunu artırır. Bu isə gələcək nəsillər üçün iqtisadi rifahdan daha çox, adambaşına düşən xarici borcun artması deməkdir. Ümumilikdə dəyərləndirdikdə, bu yardım paketi ciddi maliyyə yükü kimi görünür”.

 

Bu həcmli maliyyə dəstəyi Avropa Birliyi ölkələrinin büdcə kəsiri və dövlət borcuna necə təsir göstərə bilər? 

 

Ekspert qeyd olunan sualla bağlı bildirib ki, büdcə kəsirinin artması və dövlət borcunun yüksəlməsi qaçılmazdır:

 

“Artıq bir çox ölkələrdə fiskal balans ciddi risk altındadır. Belə böyük məbləğin ayrılması dövlətlərin daha çox borclanmasına gətirib çıxaracaq və riskli iqtisadi vəziyyət yarada bilər. Borcun səviyyəsi artdıqca dövlətin vətəndaşlar qarşısındakı sosial öhdəlikləri də zəifləyir və adambaşına düşən borc məbləği yüksəlir. Eyni zamanda kredit və maliyyə institutları qarşısında ödənişlərin gecikməsi də əlavə çətinliklər yarada bilər. Bu baxımdan sözügedən vəsaitin ayrılması büdcə kəsiri və dövlət borcuna mənfi təsir göstərir”.

 

Ekspert son olaraq açıqlamasında qeyd edib ki, vətəndaşların sosial rifahına yönəldilə biləcək vəsaitlərin Ukraynaya yardım şəklində ayrılması həmin ölkələrdə maliyyə çətinlikləri yarada bilər:

 

“Bu səbəbdən düşünürəm ki, gələcəkdə yeni maliyyə mexanizmləri və alternativ planlar hazırlanacaq. 800 milyard avroluq yardımın kompensasiyası müxtəlif yollarla həyata keçirilə bilər və bütün ölkələrin bu prosesdə eyni dərəcədə iştirak edəcəyini düşünmürəm. Hətta Avropa Birliyi daxilində dövlətlər arasında müəyyən fikir ayrılıqları və gərginliklərin yaranması da mümkündür. Çünki Avropa İttifaqına daxil olan ölkələrin iqtisadi inkişaf səviyyəsi eyni deyil. Daha az inkişaf etmiş ölkələr üçün bu cür maliyyə yükü sosial-iqtisadi vəziyyəti daha da ağırlaşdıra bilər. Büdcə kəsirinin azaldılması və borcların qarşılanması üçün əsas çıxış yolları ya vergilərin artırılması, ya da istehsal və ixracın genişləndirilməsidir. Lakin mövcud vəziyyət göstərir ki, Avropada daha çox vergilərin artırılması yolu seçilə bilər. Bu isə vətəndaşlar arasında ciddi narazılıq doğura bilər. Çünki Ukraynaya ayrılan vəsait faktiki olaraq vergi və digər mexanizmlər vasitəsilə vətəndaşların cibindən çıxmış olur.

 

Bütün bunları nəzərə alaraq, Macarıstan Baş naziri Viktor Orbanın açıqlamasını iqtisadi baxımdan tam haqlı hesab edirəm. Mövcud reallıqlar fonunda onun mövqeyi məntiqlidir”.

 

Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər