Ukrayna-Azərbaycan Biznes Şurasının birgə onlayn iclası keçirilib
Diplomat tərəfdaşlara davamlı dəstəyinə görə təşəkkürünü bildirilib və tərəflərin ticarət, investisiya, iqtisadi inkişaf üçün yeni imkanları birgə təşviq etdiyini vurğulanıb.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycanla Ukrayna arasında, Rusiyanın Ukraynaya təcavüzündən öncə, intensiv şəkildə artan iqtisadi münasibətlər var idi:
"Ticarət dövriyyəsi hər il artırıb. Təbii ki, indi müharibə ciddi problemlər yaradır. İstər Ukraynanın məhsul istehsalına, istərsə də ixrac potensialına bu, çox böyük zərbə vurur. Amma Azərbaycan müharibənin getməsinə baxmayaraq, Ukraynanın ehtiyac duyduğu bəzi məhsullarla, həm humanitar yardım, həm də iqtisadi əlaqələr çərçivəsində Ukraynaya yardım etməyə, kömək göstərməyə davam edir. Əsasən də enerji infrastrukturunun bərpası üçün avadanlıqlar, neft məhsulları göndərilir. SOCAR Ukraynada fəaliyyət göstərir və bu fəaliyyətin də təsirləri var. Ukraynadan isə imkan yarandıqca kənd təsərrüfatı məhsulları, o cümlədən günəbaxan yağı, taxıl və digər məhsullar Azərbaycan tərəfindən alınır. Bu məhsulların alınması da Ukrayna üçün iqtisadi dəstəkdir, çünki müharibə şəraitində öz məhsullarını satmaqda çətinlik çəkir. Amma Türkiyə üzərindən Azərbaycan bəzi məhsulları almağa çalışır. Bütün bunlar, müharibədən sonra Azərbaycan-Ukrayna münasibətlərinin daha da sıx olmasına zəmin yaradır. Ona görə düşünürəm ki, müharibədən sonra Azərbaycanla Ukrayna arasında iqtisadi münasibətlərdə yeni bir canlanma müşahidə olunacaq".
Günel Əlili
