Ukrayna bazarında SOCAR izi
Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyev ilə aparılan danışıqlar, Bakı ilə Kiyev arasında siyasi, iqtisadi və humanitar əlaqələrin daha da dərinləşdirilməsinə yönəlib.
Dövlət başçılarının mətbuata birgə bəyanatında vurğulandığı kimi, Azərbaycan və Ukrayna uzun illərdir müxtəlif istiqamətlər üzrə uğurla əməkdaşlıq edir. Bu əməkdaşlığın əsas sütunlarından biri energetika sahəsidir. Azərbaycanın dövlət neft şirkəti SOCAR artıq uzun müddətdir Ukrayna bazarında fəaliyyət göstərərək ölkənin enerji təhlükəsizliyinə töhfə verir. SOCAR-ın Ukraynadakı fəaliyyəti yalnız iqtisadi deyil, həm də strateji əhəmiyyət daşıyır və iki ölkə arasında qarşılıqlı etimadı gücləndirən mühüm amillərdən biridir.
2008-ci ildə Ukrayna bazarına daxil olan SOCAR fəaliyyətini əsasən SOCAR Energy Ukraine vasitəsilə həyata keçirir. Şirkət Ukraynada neft məhsullarının idxalı, topdan və pərakəndə satışı, həmçinin yanacaqdoldurma şəbəkəsinin qurulması ilə məşğuldur. Bu da onu sübut edir ki, SOCAR-ın Ukraynanın yanacaq pərakəndə bazarında mühüm iştirakçıdır.
2009-2013-cü illər arasında SOCAR Ukraynada fəaliyyətinin inkişafına 160 milyon ABŞ dollarından çox investisiya yatırıb. Şirkət Ukraynada 1500-dən çox iş yeri yaradıb. Bu göstəricilər SOCAR-ın Ukrayna iqtisadiyyatına real və davamlı töhfəsini təsdiqləyir.
Son illərdə SOCAR Ukrayna ilə enerji əməkdaşlığını daha da genişləndirib. 2025-ci ildə Ukrayna Azərbaycan qazının Transbalkan marşrutu ilə idxalına dair ilk sazişi imzalayıb. Bu addım Ukraynanın enerji mənbələrini diversifikasiya etməsi baxımından strateji əhəmiyyət daşıyır. Bundan əlavə SOCAR Ukraynada sosial layihələrə, eləcə də təhsil və humanitar təşəbbüslərə də dəstək göstərir. Bu fəaliyyət şirkətin yalnız iqtisadi deyil, sosial məsuliyyət daşıyan aktor olduğunu göstərir.
Rusiya-Ukrayna müharibəsi dövründə belə SOCAR fəaliyyətini dayandırmayıb. Şirkətin bəzi yanacaqdoldurma obyektləri hücumlara məruz qalsa da, fəaliyyət tam dayandırılmayıb. Ukraynada uzunmüddətli və strateji fəaliyyət göstərən SOCAR orada geniş yanacaq şəbəkəsi qurmaqla yanaşı, böyük investisiyalar yatırıb, minlərlə iş yeri açıb. Bu da Ukraynadakı fəaliyyətin yalnız kommersiya xarakteri daşımadığını, həm də strateji və uzunmüddətli əməkdaşlıq modeli olduğunu sübut edir.
Bu gün rəsmi Kiyevlə müzakirə olunan məsələlər yalnız siyasi dialoqla məhdudlaşmır. Xüsusilə energetika sahəsində əldə olunmuş nailiyyətlərlə yanaşı, gələcək üçün geniş perspektivlər və birgə layihələr də diqqət mərkəzindədir. Bu isə onu göstərir ki, Azərbaycan-Ukrayna münasibətləri yalnız mövcud əməkdaşlıq çərçivəsində deyil, həm də yeni təşəbbüslər vasitəsilə inkişaf etdirilir.
Zelenskinin Azərbaycana səfəri, eyni zamanda, regional və beynəlxalq kontekstdə də əhəmiyyətlidir. Müasir geosiyasi şəraitdə enerji resurslarının təhlükəsizliyi və alternativ marşrutların inkişafı xüsusi önəm daşıyır. Bu baxımdan Azərbaycan, etibarlı tərəfdaş kimi Ukraynanın enerji təminatında mühüm rol oynayır.
Səfər zamanı tərəflər arasında əldə olunan razılaşmalar və verilən mesajlar göstərir ki, Bakı və Kiyev gələcəkdə də qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək niyyətindədir. Bu əməkdaşlıq yalnız iqtisadi deyil, həm də siyasi sabitliyin və regional təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir.
BDU, YMB Kimyası kafedrasının professoru Elçin Əkbərov