Ukrayna enerji sektorunda korrupsiya qalmaqalı
Ukraynanın enerji sektorunda baş qaldıran korrupsiya qalmaqalı hökumətdə yeni sarsıntılara yol açıb və ölkənin iqtisadiyyatına həm qısa, həm də orta müddətdə əhəmiyyətli təsirlər göstərə bilər.
Mövzu ilə bağlı iqtisadçı Əkrəm Həsənov “İnformator.az”a bildirib ki, belə sahələrdə korrupsiyanın olması təəccüblü deyil. Korrupsiya təkcə postsovet məkanında deyil, Qərb və Avropa ölkələrində də mövcuddur:
“Harada böyük pullar dövr edir, orada korrupsiya da olur. Müharibə aparan Ukraynada bunun olması isə daha təbiidir. Son 200 ilin ən uğurlu sərkərdələrindən biri olan Napoleonun belə ordusunda korrupsiya mövcud idi. Ukraynada enerji sektorunda korrupsiya qalmaqalının gündəmə gətirilməsi sırf müəyyən siyasi dairələrin maraqlarına xidmət edir. Ukraynaya dəstək göstərmək istəməyən bəzi Qərb qüvvələri bu cür məlumatları önə çıxarmaqla Rusiya ilə razılaşma əldə etməyi asanlaşdırmağa çalışırlar. Enerji sektorunda rəhbər şəxslərin istefaya göndərilməsi Ukraynanın enerji bazarına və investisiya mühitinə ciddi təsir göstərməyəcək. Buradakı əsas məqsəd tamam başqadır. Bu prosesdə şəffaflıq anlayışı əsas hədəf deyil”.
Əkrəm Həsənov bildirir ki, Ukraynaya maliyyə dəstəyinin azaldılması da bu siyasi strategiyanın bir hissəsidir:
“Məqsəd Ukrayna-Rusiya müharibəsinin dayandırılması və bunun üçün mənəvi-siyasi ‘haqq’ əldə edilməsidir. Yəni, yardımın azaldılması ilə Ukraynaya təzyiq göstərilir”.
Fatimə Hüseynli
