Ukrayna ilə bağlı sülh danışıqlarında Avropanın iştirakının mənasını görmürük - Kreml
Rusiya Avropanın Ukrayna ilə bağlı sülh danışıqlarında iştirakının mənasını görmür.
Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. O, Cenevrədəki danışıqların işgüzar, lakin mürəkkəb proses olduğunu söyləyib: "Avropalılar əhval-ruhiyyələrini nəzərə alaraq kömək edə bilmirlər. Avropa diplomatiyasının rəhbərini parlaq açıqlamalarına fikir verin. Belə mövqedə necə kömək edə bilərlər? Demək olar ki, heç nə".
Mövzu ilə bağlı siyasi şərhçi Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Kremlin Avropanı danışıqlardan kənarda saxlamaq istəyi Rusiyanın Qərb daxilində parçalanma yaratmaq və prosesi Vaşinqton-Moskva müstəvisinə keçirmək strategiyasının tərkib hissəsidir:
“Kremlin bu mövqeyi Moskvanın uzunmüddətli diplomatik taktikasına uyğun görünür. Rusiya müharibə başlayandan bəri ABŞ ilə Avropa arasında yanaşma fərqlərini qabartmağa çalışır və danışıqlar formatını mümkün qədər daraltmaq xətti izləyir. Avropanın prosesdən kənarda saxlanılması həm sanksiya arxitekturasının əsas yükünü daşıyan Aİ-ni zəiflətmək, həm də təhlükəsizlik məsələsini Vaşinqton-Moskva müstəvisinə keçirmək cəhdi kimi interpretasiya oluna bilər. Bu yanaşma Qərb daxilində prioritet və risk qiymətləndirmələrində mövcud olan fərqləri dərinləşdirməyə hesablanmış strategiya elementləri daşıyır”.
Siyasi şərhçinin sözlərinə görə, Avropanın danışıqlarda iştirak etməməsi qısa müddətdə Rusiyaya manevr üstünlüyü verə bilər:
“Kollektiv mövqedən fərqli olaraq ikitərəfli format daha elastikdir və siyasi təzyiq mexanizmləri zəifləyə bilər. Lakin uzunmüddətli perspektivdə Avropa təhlükəsizlik arxitekturasının əsas aktoru olan Aİ-nin prosesdən kənarda qalması əldə ediləcək razılaşmanın legitimliyini və icra qabiliyyətini sual altına sala bilər. Əgər Ukrayna Avropasız danışıqlara razılaşarsa, bu, daxili siyasi müstəvidə legitimlik problemi yarada, həm də təhlükəsizlik zəmanətləri və gələcək inteqrasiya kursu baxımından strateji risklər doğura bilər. Xüsusilə, maliyyə, hərbi və bərpa dəstəyi əsasən Avropadan gəldiyi üçün Kiyev üçün bu amil ciddi siyasi hesablamalar tələb edir”.
Zəri Bayramlı
