Ukrayna ilə İran arasında kritik telefon danışığı
Ukrayna xarici işlər naziri Andrey Sibiqa ilə iranlı həmkarı Abbas Arakçı arasında telefon danışığı baş tutub.
"İnformator.az" xəbər verir ki, bu barədə Sibiqa özü məlumat verib.
"İran xarici işlər naziri Abbas Arakçı ilə açıq və səmimi telefon danışığı apardım. Diplomatiya, hətta çətin məqamlarda belə, birbaşa dialoq deməkdir.
Vurğuladım ki, məqsədimiz lazımsız gərginliyin qarşısını almaqdır. Təsdiq etdim ki, Ukraynanın bütün addımları yalnız ölkəmizi Rusiyanın təcavüzündən qorumağa yönəlib və heç vaxt mülki gəmilərə və ya insanlara qarşı olmayıb.
Bu, İranın həlak olmuş vətəndaşı və son insident zamanı hədəfə çevrilmiş mülki gəmi ilə bağlı səsləndirdiyi iddialara da aiddir.
Bizim məqsədimiz bütün bu hadisələrin əsas səbəbi olan Rusiya təcavüzünə qarşı mübarizə aparmaqdır. Bütün təxribatlara və insan tələfatına görə tam məsuliyyət Rusiyanın üzərinə düşür.
Mən gərginliyi artıracaq hər hansı addımdan çəkinməyin, həmçinin Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə istənilən dəstəyi dayandırmağın vacibliyini vurğuladım. Bu müharibə qanunsuzdur və dayandırılmalıdır.
Mövqeyimiz dəyişməz olaraq qalır: Avropa və Yaxın Şərq sabitliyə, təhlükəsizliyə və sülhə layiqdir”, - Sibiqa qeyd edib.