Ukrayna millət vəkillərinin yolu döyüş sənətinə yiyələnməkdən keçir?
Döyüş sənəti, təlim və döyüş təcrübəsi Ukrayna parlamenti üçün lazım olan tələb kimi görünür. Sizə ötən bir neçə il ərzində Ukrayna Ali Radasında yaşanan hadisələri təqdim edirik.
Ukrayna Radasında ən son insident bu həftə “Batkivşina” fraksiyasından olan deputat Vadim İvçenko və “Samopomiç” fraksiyasının deputatı Yeqor Sobolev arasında yaşanıb. İvçenko brifinqi yekunlaşdırandan sonra Sobolev ona yaxınlaşaraq onu vurub. Daha sonra ciddi dava baş verib və nəticədə İvçenkonun burnundan qan axmağa başlayıb. Sobolevin isə qolu sınıb.
Digər bir insidentdə isə həmkarını Şərqi Ukraynaya getməməkdə qınayan Oleq Lyaşko ilə Aleksandr Şevçenko arasında mübahisə dava ilə nəticələnib. Ali Radada yaranmış gərgin vəziyyət Oleq Lyaşkonun “get Donbasdakı terrorçuları qov, məni yox” deməsindən sonra daha da kəskinləşib. Ətrafdakılar kobud ifadələrin istifadə olunduğu mübahisəyə müdaxilə etməyə çalışsalar da, qəfil zərbələrin qarşısını ala bilməyiblər. Videoda Lyaşkoya yumruq endirdikdən sonra meydanı tərk edən Şevçenkonu görmək olar.
27 Aprel 2010-cu ildə parlamentdə mübahisələri həll etmək uğursuzluqla nəticələndikdən sonra hər şey nəzarətdən çıxıb. Ukrayna parlamentariləri bir-birlərinə stol, mikrafon və su qablarını atıb.
Ukrayna millət vəkilləri həmkarları ilə dava etməkdən geri qalmır, eləcə də keçmiş boks üzrə çempion Vitali Kliçko. Ukrayna Radasında düşən başqa bir davada Kliçko da boks bacarıqlarından istifadə edib.
Bütün bunlar onu göstərir ki, Ukrayna parlamentinin şərtlərindən biri döyüş bacarıqlarına sahib olmaqdır.
