00:00:00
Yazar
Admin User
25.09.2023 18:01 332 3 dəq oxuma
Siyasət

Ukraynada seçkilər ola bilərmi?

Ukraynada seçkilər ola bilərmi?

2024-cü il martın 31-dən gec olmayaraq Ukraynada növbəti prezident və parlament seçkiləri keçirilməlidir. Mövcud qanunlara görə, əgər ölkədə hərbi vəziyyət olarsa, seçkilər keçirilə bilməz. Ancaq Qərb dövlətləri Ukraynada seçkilərin keçirilməsində israrlıdır və ölkəni demokratiyanın inkişafında növbəti addımı atmağa çağırır. Hazırki şəraitdə Ukraynada prezident seçkisinin keçirilməsi nə dərəcədə realdır? Müharibə şəraitində olan ölkə üçün hansı riskləri daşıyır?



Ukraynadakı müharibəyə və ölkədəki hərbi vəziyyətə baxmayaraq, bəzi Qərb siyasətçiləri Kiyev hökumətini parlament və prezident seçkilərini keçirməyə sövq edir. Əvvəlcə Avropa Şurası Parlament Assambleyasının niderlandlı rəhbəri Tini Koks bu təkliflə çıxış edib. Daha sonra senator Riçard Blumental ilə ötən ay Kiyevə səfər edən amerikalı senator Lindsey Qrem məsələni dilə gətirib. Digər respublikaçılar, o cümlədən Ukrayna prezidenti Volodimir Zelenskini seçkiləri ləğv etməkdə ittiham edən amerikalı şərhçi Taker Karlson da məsələni gündəmə gətirənlərdəndir. Lakin Ukrayna konstitusiyası hərbi vəziyyət şəraitində seçkiləri qadağan edir. Aydındır ki, hazırda ölkə ərazisinin təxminən beşdə biri Rusiya işğalı altındadır. Yeddi milyon ukraynalı artıq qaçqındır, bir çoxu ölkədən kənarda yaşayır - onların əksəriyyəti səs verə bilməyəcək. Üstəlik, on minlərlə əsgər cəbhəyə göndərilib. Ukrayna rəsmiləri, seçki ekspertləri və demokratiya tərəfdarlarının fikrincə, müharibə şəraitində azad və ədalətli seçkinin keçirilməsi faktiki olaraq mümkün deyil və həm də uyğun görülmür. 



Ukraynalı jurnalist Dmitri Qordin deyir ki, müharibə şəraitində səsvermə keçirilməsi mümkün deyil: “Çünki bu gün əhali 4 kateqoriyaya bölünür. Birincisi, Ukraynada öz ünvanlarında yaşayan insanlardır. Məntiqlə baxdıqda, onların səs vermək imkanı var. İkincisi, didərgin düşən insanlardır: məsələn, dünən Donetskdə yaşayan biri bu gün şəhəri işğal olunduğundan Odessada yaşayır. Əgər o, heç bir ünvanda qeydiyyatda deyilsə, biz onu necə tapacağıq.  Üçüncü kateqoriyadan olan insanlar isə xaricə köçən milyonlarla ukraynalıdır. Bilirik ki, konstitusiyaya görə səsvermə yalnız ölkə daxilində baş tuta bilər. Xaricdə isə konsullar və səfirliklər var. Sizcə, məsələn, Varşavadakı səfirliyimiz milyonlarla ukraynalının səsverməsinə imkan yarada bilərmi? Bu, mümkün deyil. Dördüncüsü isə müharibədə döyüşən yüzminlərlə ukraynalılardır. Onların səsverməsi necə təşkil olunacaq? Bu siyahı necə tərtib olunacaq? Bütün bunları nəzərə alsaq müharibə zamanı prezident seçkisinin keçirilməsini real hesab etmirəm”.
Qərb dövlətləri seçkinin keçirilməsinə təzyiq edərkən marağını onunla izah edir ki, Ukrayna maneələrə baxmayaraq demokratiyaya sadiqliyini sübut etsin. Yəni bu ölkədə, hətta hücuma məruz qalanda belə, azad və ədalətli seçkilər olsun. Səsvermənin keçirilməsi isə yalnız o halda mümkündür ki, ya ölkə konstitusiyasına dəyişiklik edilməlidir, ya da hərbi vəziyyət müvəqqəti olaraq ləğv edilməlidir. Ancaq hər şey bu qədər sadə və primitiv deyil. Müharibə zamanı baş tutan seçkinin demokratik keçiriləcəyi sual altındadır. Üstəlik, seçki kampaniyası Rusiyaya manipulyasiya etmək, Ukrayna cəmiyyətində və siyasətçilər arasında parçalanma yaratmaq imkanı verə bilər. Bu isə müharibə şəraitində olan ölkə üçün siyasi baxımdan risklidir. Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko deyib ki, seçkilər Ukraynanın müharibəni uduzmasına gətirib çıxaracaq, çünki daxildəki siyasi fikir ayrılıqları Rusiyanı məğlub etmək üçün lazım olan milli birliyi pozacaq. 

Lakin Kiyev rəsmiləri seçkilərin keçirilməsi ideyasını da rədd edə bilmir. Çünki Ukrayna beynəlxalq maliyyə və hərbi yardımı davam etdirməsi üçün mühim əhəmiyyət kəsb edən Qərbin əsas siyasi oyunçularını özündən uzaqlaşdıra bilməz. Bu səbəbdən Zelenski prezident seçkilərinin keçirilməsi fikrinə qapıları tam olaraq bağlamayıb. Zelenski bunun üçün lazım olan şərtləri sadalayarkən deyib ki, ölkə ayaqda durmaqda mübarizə apararkən digər tərəfdən seçki proseduru üçün əlavə 135 milyon dollar vəsaitə ehtiyac duyur. "Kiyev bu məbləği qarşılaya bilməz. Əgər Qərb seçkilərin keçirilməsində israrlıdırsa, bunun əvəzini ödəməlidir".

 

Ukrayna Prezidenti Volodimir Zelenski kreditlə seçki keçirməyəcəyini bildirib: “Nə də silah əvəzinə vəsaiti seçkilərə ayırmayacağam. Bu məbləğ hərbçilər arasında səsvermənin təşkilinə və xaricdəki təxminən 7 milyon ukraynalı qaçqına xərclənəcək. Qərb həm də “səngərdə” olacaq seçki müşahidəçilərini göndərməlidir”.

Bayden administrasiyasına gəlincə, Ağ ev hesab edir ki, seçkilərin nə vaxt keçiriləcəyinə Ukrayna qərar verməlidir. Nəzərə alsaq ki, martda Rusiyada da seçkilər olacaq. Vəziyyətin daha da qarışacağını təxmin etmək çətin deyil. 

 

Vüsalə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər