Ukraynada vəziyyət yenə də gərginləşdi
Bu günDombasda vəziyyət daha da gərginləşib. Donetskdə isə partlayışlar şəhəri döyüş poliqonuna çevirib. Separatçıların açıqlamasına görə Ukrayna ordusuna qarşı döyüşənlərdən son 24 saat ərzində 5 nəfər ölüb, 26 nəfər yaralanıb. Hazırda döyüşlər əsasən Donetsk hava limanı ərazisində davam edir. Qondarma Donetsk Xalq Respublikasının Müdafiə naziri isə Hava limanının partladıldığını bəyan edib. Ukrayna ordusunun sözçüsü Andrey Lısenko hava limanını separatçıların zəbt etməsi ilə bağlı yayılan xəbərlərin yalan olduğunu bildirib.
ANDREY LISENKO UKRAYNA ORDUSUNUN SÖZÇÜSÜ: Hava limanı Ukrayna ordusunun nəzarətindədir. Əldə olunan bütün razılaşmalara rəğmən yenə də Ukrayna əsgəri terrorla mübarizə aparır. Bizim əsgərlərimizə qarşı Rusiya ordusunda xüsusi olaraq hazırlanan hərbiçilər döyüşür. Lakin buna baxmayaraq son iki əməliyyatda xeyli sayda itki verərək geri çəkilməyə məcbur olublar.
Peykdən çəkilən görüntülər də ərazidə şidətli döyüşlərin getdiyini sübut edir. Ukrayna tərəfi iddia edir ki, separatçılara kömək etmək üçün bu gün Rusiyadan 100 dən çox hərbiçi gəlib. Təbii ki, Rəsmi Moskva bu iddialar rədd edir. Ukraynanın Şərqində getdikcə şidətlənən döyüşlərə və ölkədə yaranan xaotik vəziyyətə son qoymaq üçün Berlində görüş keçiriləcək. Əvvəlcə Ukrayna xarici işlər naziri Pavlo Klimkin Rusiyalı həmkarı Sergey Lavrovla təkbətək, daha sonra Almaniya və Fransa xarici işlər nazirlərinin iştirakı ilə müzakirələr aparacaqlar.
