Ümumdünya İnsan Hüquqları Günü
Dekabrın 10-u dünya üzrə yalnız təqvimdə qeyd olunan bir gün deyil, bu, tarix bəşəriyyətin ən böyük dəyəri olan insan hüquqlarının toxunulmazlığını, azadlığın və ləyaqətin ali məna daşıdığını xatırladan xüsusi bir gün kimi yadda qalır.
1948-ci ildə məhz bu tarixdə BMT-nin Baş Assambleyası insanlığın gələcəyi üçün həlledici sənədi - “İnsan Hüquqları Ümumi Bəyannaməsini” qəbul edib. Bu sənədin qəbulu insan sivilizasiyasının ən önəmli dönüş nöqtələrindən biri, insanın doğuluşundan gətirdiyi hüquqların beynəlxalq səviyyədə tanınması baxımından böyük tarixi hadisə idi.
Sənəd yalnız kağız üzərində yazılmış maddələrdən ibarət deyil. O, hər bir insanın kimliyindən, irqindən, dilindən, dinindən, maddi və sosial vəziyyətindən asılı olmayaraq bərabər doğulduğunu təsdiqləyən qlobal humanist manifestdir. Bu bəyannamə insanlığın müharibələrdən, zorakılıqlardan və ədalətsizlikdən dərs çıxararaq yenidən ayağa qalxmasının, daha güclü və daha ədalətli bir dünya qurmaq əzminin rəmzidir.
Ümumdünya İnsan Hüquqları Günü insan hüquqlarının təkcə hüquq məcəllələri və beynəlxalq konvensiyalarda yazılan müddəalar olmadığını, onların hər birimizin gündəlik həyatının ayrılmaz hissəsi olduğunu xatırladır. Bu gün cəmiyyətlərə, dövlətlərə və hər bir fərdə insan hüquqlarının qorunmasının yalnız hüquqi öhdəlik deyil, həm də mənəvi məsuliyyət olduğunu göstərir.
Azadlıq, təhlükəsizlik və bərabərlik bütün insanların doğuşdan malik olduğu haqlardır. İnsan hüquqları heç bir siyasi, sosial və ya mədəni maneə ilə məhdudlaşdırıla bilməz. İnsan ləyaqəti, sivil cəmiyyətin mövcudluğunun əsas şərtidir. Bütün tərəqqiyə baxmayaraq, dünya hələ də insan hüquqlarının pozulması ilə bağlı müxtəlif çətinliklərlə üz-üzədir. Müharibələr nəticəsində evindən didərgin düşən insanlar, təhsildən məhrum edilən uşaqlar, ayrı-seçkiliklə qarşılaşan qruplar, zorakılıq qurbanları və azadlığı məhdudlaşdırılan milyonlarla insan bu günün əsl mahiyyətini daha da gücləndirir. Bu gün həmin insanların yaşadıqlarının unudulmaması, hüquqlarının qorunmasının yalnız beynəlxalq təşkilatların deyil, həm də bütün insanlığın borcu olduğunu göstərir. İnsan hüquqlarını müdafiə etmək bəşəriyyətin sabahına edilən ən böyük investisiyadır. Azərbaycan da insan hüquqlarının qorunmasını dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi qəbul etmiş ölkələrdəndir. Hüquqi islahatlar, vətəndaşların sosial rifahının artırılması, ayrı-seçkiliyin aradan qaldırılması, gənclərin hüquqi biliklərinin genişləndirilməsi bu sahədə atılan addımlar arasındadır. Cəmiyyətin, xüsusilə də gənclərin bu prosesdə fəaliyyəti insan hüquqlarının güclənməsinə öz töhfəsini verir.
Aişə Mustafeyava
