UNESCO Mongoliyada inklüziv incəsənət təhsilini “Dəyişiklik üçün İncəsənət” layihəsi ilə dəstəkləyir
UNESCO-nun Şərqi Asiya üzrə Regional Ofisi və Mongoliyanın İncəsənət Şurası (Arts Council of Mongolia – ACM) “Dəyişiklik üçün İncəsənət” (Art for Change) layihəsi vasitəsilə Mongoliyada inklüziv incəsənət təhsilini dəstəkləyib. Layihə incəsənət təhsili yolu ilə uşaqların xüsusilə əlilliyi olanların zehni, emosional, fiziki və sosial inkişafını təşviq etməyi hədəfləyib.
Pilot layihə 2024-cü ilin fevral iyun aylarında Ulanbator şəhərindəki 63 nömrəli məktəbdə həyata keçirilib. Layihənin uğurundan sonra təşəbbüs 70 nömrəli məktəbə də genişləndirilib və ümumilikdə 180-dən çox şagird incəsənət təhsilinə cəlb olunub. Layihə çərçivəsində vizual incəsənət, musiqi və rəqs vasitəsilə uşaqlara öz yaradıcılıqlarını ifadə etmək imkanı yaradılıb.
Müəllimlərin potensialının artırılması layihənin əsas hissəsini təşkil edib. Bu məqsədlə 25 müəllim “təlimçi hazırlığı” proqramından keçib və inklüziv incəsənət tədris metodlarını mənimsəyib. Təlimlərdən sonra müəllimlər şagirdlərlə praktiki məşğələlər apararaq, inklüziv öyrənmə mühitinin formalaşmasına töhfə veriblər.
Layihə göstərib ki, incəsənət yalnız yaradıcılığın inkişafı deyil, həm də uşaqların sosial inteqrasiyası və rifahı üçün güclü vasitədir. Əlilliyi olan şagirdlər layihə sayəsində öz həmyaşıdları ilə bərabər öyrənmək və cəmiyyətə daha fəal inteqrasiya etmək imkanı qazanıblar.
UNESCO və Mongoliyanın İncəsənət Şurası gələcəkdə bu təşəbbüsü daha çox məktəb və icmada tətbiq etməyi planlaşdırır. Məqsəd ölkədə inklüziv incəsənət təhsilinin davamlı inkişafını təmin etməkdir.
Unesco
Hüseynzadə Ədilə
