Universitetlər paytaxtdan çıxarılır?
Fəaliyyət göstərən universitetlərin mərhələli şəkildə paytaxtdan kənara köçürülməsi məsələsi geniş müzakirə olunur. Bu addımın əsas məqsədləri arasında regionların inkişafı, paytaxtda sıxlığın azaldılması və təhsil infrastrukturunun daha balanslı şəkildə bölüşdürülməsi göstərilir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, bu qərar regionların inkişafına və təhsilin keyfiyyətinə müsbət təsir edə, Bakıda sıxlığı azalda bilər:
“Universitetlərin paytaxtdan kənara çıxarılması məsələsi Bakı şəhərinin Baş Planına əsaslanır. Bu plana görə, ən azı 2050-ci ilə qədər bir neçə universitetin paytaxtdan kənara köçürülməsi nəzərdə tutulur. Burada əsas prioritet istiqamətlərdən biri universitet şəhərciklərinin yaradılması və ali təhsil müəssisələrinin kampus modeli üzrə fəaliyyət göstərməsidir. Bizim fikrimizcə, belə bir qərarın qəbul olunması regional inkişafa təkan verə bilər. Eyni zamanda, bu addım tələbələrin akademik göstəricilərinə də müsbət təsir göstərə bilər. Tam olmasa da, müəyyən dərəcədə paytaxtda yol infrastrukturu və ümumi sıxlıq probleminin azalmasına səbəb ola bilər. Təhsil strategiyasına təsirinə gəldikdə isə, bunun kifayət qədər böyük olacağı gözlənilir. Çünki vahid tələbə şəhərciyi modeli ətrafında universitetlər və tələbə yataqxanaları yerləşən mühit ümumi mənzərədə təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edir”.
Arzu Poladova