Uşağın qəyyumluğu hansı meyarlar əsasında müəyyən edilir?
Ailə münasibətlərində həssas və mübahisəli məsələlərdən biri uşağın kimlə qalması, yəni qəyyumluğun müəyyən edilməsidir.
Mövzu ilə bağlı hüquqşünas Esmira Rzayeva “İnformator.az” a açıqlamasında bildirib ki, Uşaq hüquqlarının qorunması haqqında beynəlxalq konvensiya və Azərbaycan Respublikasının uşaq hüquqlarının qorunması haqqında qanunu mövcuddur:
“Eyni zamanda Azərbaycanda Azərbaycan vətəndaşları üçün Ailə Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsində də uşaq hüquqlarının qorunması ilə bağlı müddəalara rast gəlinir. Burada əsasən uşaqların tərbiyəvi mühitdə, sağlam mühitdə, əxlaq çərçivəsində və gələcəkdə ləyaqətli vətəndaş kimi yetişdirilməsi üçün müəyyən hallar nəzərdə tutulmuşdur. İlk növbədə, Konstitusiyamız qeyd edir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Daha sonra valideynlər bu borcu icra etməzlərsə, artıq dövlət uşaqların qayğısına qalır və bununla bağlı bütün dünya praktikası, beynəlxalq qanunlar və milli qanunlar uşaqların hüquqlarının qorunması mənafeyi naminə çalışır. Eyni zamanda, uşaqlar yeddi yaşdan sonra məhkəmədə fikirləri dinlənilə bilər, lakin on yaşda artıq onlar hansı valideynlə qalacaqları barədə qərar verə bilərlər və onların iradi qərarı məhkəmə qərarına təsir edir. Ailə Məcəlləsinin 64-cü maddəsində uşaqlar üzərində valideynlərin valideynlik hüquqlarından məhrum edilməsi müddəası qeyd olunmuşdur ki, valideynlər əgər alimenti qərəzli şəkildə ödəməzlərsə, əgər doğum evi və sosial evlərdən səbəbsiz olaraq uşaqları götürməkdən imtina edərlərsə, alkoqolizm və ya narkomaniyadan əziyyət çəkərlərsə, uşaqların hüquqlarından sui-istifadə edərlərsə, uşaqlara qarşı vəzifələrini icra etməzlərsə, onlara qarşı məişət zorakılığı, cinsi istismar kimi cinayət tərkibli hərəkətlər edərlərsə, o zaman uşaqlar valideynlərdən alına bilər və dövlətə verilir. Dövlətə verildikdən sonra uşaqlar övladlığa da verilə bilər. Məhkəmədən narazı qalan tərəf isə nə etməlidir? Birinci instansiya məhkəməsindən narazı qalan tərəf, iddiaçı və yaxud cavabdeh olmasından asılı olmayaraq, növbəti olaraq apellyasiya məhkəməsinə qərardan şikayət verə bilər. Apellyasiya məhkəməsi qərarı qüvvədə saxlaya bilərsə, tərəflərin Ali Məhkəməyə şikayət etmək hüququ var. Əgər hüquqi qüvvəsini alan məhkəmənin yekun aktı olarsa, uşaq artıq həmin valideynin himayəsində saxlanılmalıdır və uşağı saxlayan tərəf digər tərəfdən onun saxlanılması üçün aliment də tələb edə bilər”.
Selcan Xudiyeva