00:00:00
Yazar
Admin User
28.11.2025 18:31 94 2 dəq oxuma
Sosial

Uşaq mahnılarının öyrədilmə metodları

Uşaq mahnılarının öyrədilmə metodları

Uşaq mahnıları uşaqların musiqi zövqünün formalaşmasına, ritm və intonasiya hissinin inkişafına mühüm təsir göstərir. Sadə melodiyalar, təkrarlanan sözlər və oyun elementləri mahnıların daha tez mənimsənilməsinə şərait yaradır. Dərsdə məqsəd uşaq mahnısını düzgün seçmək, mərhələli şəkildə öyrətmək və şagirdlərin aktiv iştirakını təmin etməkdir.

 

Mövzu ilə bağlı musiqi müəllimi Rəhman Şərifov "İnformator.az" saytına açıqlamasında bildirib ki, uşaq mahnısını öyrətmək üçün əvvəlcə mahnını bütöv dinlətmək, sonra sadə və oyunvari üsullarla melodiyanı-ritmi mənimsətmək və yaşa uyğun, asan, maraqlı mahnı seçmək ən effektiv yanaşmadır:

 

"Uşaq mahnısını öyrətməyə başlayarkən ilk addım uşağa mahnının ümumi səsini – yəni melodiyasını tam şəkildə dinlətmək və tanıtmaq olmalıdır. Bunun səbəbi odur ki, uşaq mahnını bütöv şəkildə eşidərək onun xarakterini, ritmini və emosional tonunu dərk edir. Bütöv mənzərəni anlamadan hissələrə bölmək uşağın çaşmasına və öyrənmənin ləng getməsinə səbəb ola bilər.

 

Melodiyanı və ritmi daha tez mənimsətmək üçün tətbiqi üsullar çox effektivdir. Ən faydalı üsullardan biri mahnını kiçik frazalara bölüb təkrar etdirməkdir. Ritmi hiss etdirmək üçün əl çalma, bədən perkusiyası (diz, çiyin, əl üstü ritm vurma) kimi oyunvari metodlar da çox təsirlidir. Mahnının ritminə uyğun hərəkətlər və jestlər əlavə etmək uşağın melodiyanı daha tez yadda saxlamasına kömək edir. Həmçinin çağırış-cavab (call-response) üsulu – müəllim bir frazanı oxuyur, uşaq təkrarlayır – öyrənməni sürətləndirir.

 

Uşaq mahnısını seçərkən bir neçə əsas meyara diqqət edilməlidir. İlk növbədə mahnının yaşa uyğun olması vacibdir – çox mürəkkəb melizmatik keçidlərdən və geniş səs diapazonundan ibarət mahnılar kiçik yaşlı uşaqlar üçün uyğun deyil. Mahnının mətni sadə, pozitiv və uşağın anlaması üçün əlçatan olmalıdır. Ritmin və melodiyanın sadəliyi, təkrarlanan hissələrin olması öyrənməni asanlaşdırır. Eyni zamanda, mahnının uşağın marağına və psixoloji inkişaf səviyyəsinə uyğun olması öyrənmə prosesini daha motivasiyalı edir".

 

Ayisə Şərifova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər