00:00:00
Yazar
Zəhra Həsənova
15.04.2026 17:59 144 2 dəq oxuma
Sosial

Uşaqlarda ekran istifadəsi və yeniyetmələrdə sosial media: psixoloji təsirlər və düzgün balans

Uşaqlarda ekran istifadəsi və yeniyetmələrdə sosial media: psixoloji təsirlər və düzgün balans

Müasir dövrdə texnologiyanın həyatımıza sürətlə inteqrasiya olunması uşaqların və yeniyetmələrin gündəlik fəaliyyətinə də ciddi təsir göstərir. Erkən yaşlardan etibarən ekranlarla təmasın artması, eyni zamanda sosial medianın yeniyetmələr arasında geniş yayılması onların psixoloji və sosial inkişafı ilə bağlı mühüm suallar doğurur.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Aynur İskəndərova bildirib ki, erkən yaş dövrü uşaqların həm beyin, həm də fizioloji inkişafının əsas mərhələsi hesab olunur. Bu dövr psixoloji baxımdan onun əsas fəaliyyət növü canlı ünsiyyət olmalıdır:

 

"Kiçik yaşlarda emosional ünsiyyət təxminən 0–1 yaş aralığında olur, 1–3 yaş aralığı isə manipulyativ fəaliyyət hesab olunur ki, bunda əyləncələr və oyun fəaliyyətləri rol oynayır. Uşaq dünyaya gəldikdən 6 yaşına qədər bütün təcrübələrini real, həqiqi təcrübələrə əsaslanaraq tamamlamalıdır. Ümumiyyətlə, ekran qarşısında uzun müddət vaxt keçirmək təbii inkişaf prosesini müəyyən qədər zəiflədir. Araşdırmalar göstərir ki, erkən yaşlarda ekran qarşısında həddindən artıq vaxt keçirən uşaqlarda diqqət dağınıqlığı, nitqin inkişafında müəyyən gecikmələr, emosional sabitliyin qorunmasında çətinliklər müşahidə olunur.
Müəllim və valideynlərin şikayəti əsasən bu yöndə olur ki, uşaq diqqətini toplaya bilmir, dərs izah olunarkən izləyir, amma fikri başqa yerlərdə olur, əlində hər hansı bir əşya ilə oynayır. Diqqət əskikliyinin əsas səbəblərindən biri valideynlərin erkən yaşdakı uşaqları ya TV ekranı qarşısında uzun müddət saxlaması, ya da sensor ekranları əllərinə erkən yaşda verməsidir".

 

Müsahib qeyd edib ki, uşaqların canlı ünsiyyətdən uzaqlaşması onların passiv informasiya qəbul etməsi ilə kifayətlənir və bu da sonda sosial bacarıqların kifayət qədər formalaşmamasına səbəb olur:

 

"Valideynlər sadəcə məhdud və nəzarətli şəkildə uşaqlara icazə verə bilər. İzlədiyi cizgi filmlərinin, videoların və fotoların məzmununu xüsusilə, diqqət mərkəzində saxlamalıdırlar. Əsas məsələ balansı qorumaqdır. Yəni uşağın ekran qarşısında olması onun əsas fəaliyyətinə çevrilməməlidir. Yeniyetmələr həmyaşıdları ilə sosial mediada daha rahat ünsiyyət qura bilirlər. Amma sosial medianın həddindən artıq və nəzarətsiz istifadəsi müəyyən psixoloji problemlərə yol açır. Özünə inam azalır, sosial mediada gördüyü bəzi həmyaşıdlarının həyat tərzi və fəaliyyəti ilə bağlı reallıqdan uzaq videoları izləyərək özünü onlarla müqayisə edir və nəticədə,  narazılıq, narahatlıq, anksiyete və depressiv əlamətlər müşahidə olunur. Sosial mediada təqdim olunan reallıqdan uzaq, ideal həyatları öz həyatı ilə müqayisə etdikdə yetərsizlik hissi yaranır. Gec saatlara qədər sosial mediada vaxt keçirmək yuxu rejiminin pozulmasına, real mühitdə münasibətlərin zəifləməsinə və emosional asılılıq davranışlarına səbəb ola bilər. Məqsəd aydındır ki, yeniyetmələri tamamilə sosial mediadan uzaqlaşdırmaq deyil, onlara sosial mediadan şüurlu və sağlam şəkildə istifadə etməyi aşılamaq lazımdır".

 

Məmmədova Zəhra

#baki #azərbaycan #xəbər #yeniyetmələrdə #ekran
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər