Uşaqlarda telefon asılılığı: Psixoloq təhlükə siqnalı verir
Son illərdə uşaqlar arasında smartfon və planşet istifadəsinin sürətlə artması yeni bir problemin - telefon asılılığının yaranmasına səbəb olub. Valideynlər çox vaxt bunu sadəcə “əyləncə” kimi qiymətləndirsə də, mütəxəssislər bu vərdişin həm psixoloji, həm də fiziki sağlamlığa ciddi təsirlər göstərdiyini bildirirlər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında psixoloq Aytən Əkbərova bildirib ki, telefon asılılığı uşaqlarda fiziki, psixoloji və sosial problemlər yaradır:
“Artıq uzun illərdir, xüsusilə son dövrlərdə uşaqlar arasında telefon asılılığı ciddi problemə çevrilib. Bu asılılıq onların həm fiziki, həm psixoloji, həm də bioloji sağlamlığına mənfi təsir göstərir. Bioloji faktorlar dedikdə, telefon istifadəsinin artması nəticəsində uşaqlarda iştah pozğunluğu, diqqət dağınıqlığı, nevroloji tiklər və psixoloji asılılıq sindromu kimi hallar müşahidə olunur. Eyni zamanda bu vəziyyət sosiallaşmadan uzaqlaşmaya, yəni asosial davranışa da səbəb olur. Uzun müddət telefondan istifadə nəticəsində yaranan iştahsızlıq mədə problemlərinə, ekran qarşısında çox qalmaq isə göz sağlamlığının zəifləməsinə gətirib çıxarır. Bu isə valideynləri pediatr, nevroloq, oftalmoloq və psixoloq kimi mütəxəssislərə müraciət etməyə məcbur edir və nəticədə həm mənəvi, həm də maddi çətinliklər yaranır. Bu problemi yalnız valideynlər deyil, məktəbdə müəllimlər və ümumiyyətlə cəmiyyət də açıq şəkildə müşahidə edir. Sosial münasibətlərin zəifləməsi, qohum-əqrəba ilə ünsiyyətin azalması da bu prosesin bir hissəsidir. Hətta ailəvi istirahət zamanı belə uşaqların diqqəti əsasən telefonda qalır”.
Həmçinin psixoloq qeyd edib ki, nəzarət sayəsində uşaqları telefon asılılığından uzaqlaşdırmaq mümkündür:
“Bu vəziyyətdən çıxış yolu kimi ailədaxili qaydaların müəyyən edilməsi vacibdir. Uşaqların telefondan istifadə saatları planlaşdırılmalı, valideynlər isə öz davranışları ilə nümunə olmalıdır. Çünki valideyn özü daim telefonda olduğu halda uşağa qadağa qoymaq təsirli olmur. Telefon asılılığı yalnız uşaqlara deyil, böyüklərə də mənfi təsir edir. Bu səbəbdən məsələ ümumi cəmiyyət problemi kimi qiymətləndirilməlidir. Problemin həlli üçün müxtəlif terapiya üsulları və düzgün gündəlik rejim mühüm rol oynayır. Xüsusilə, yuxu rejiminə diqqət yetirilməlidir. Yatmazdan ən azı bir saat əvvəl telefondan uzaq durmaq vacibdir. Çünki ekran işığı beyin fəaliyyətinə təsir edərək yuxu pozuntularına və psixoloji problemlərə səbəb ola bilər. Alternativ fəaliyyətlər isə uşaqları telefondan uzaqlaşdırmaqda effektiv vasitədir. Gəzintilər, zoopark, kino, müxtəlif dərnəklər və məşğələlər uşaqların vaxtını daha səmərəli keçirməsinə kömək edir. Bu halda telefon onlar üçün əsas məşğuliyyət deyil, sadəcə əyləncə vasitəsinə çevrilir. Beləliklə, düzgün yanaşma və balanslı nəzarət sayəsində uşaqları telefon asılılığından uzaqlaşdırmaq və onların sağlam inkişafını təmin etmək mümkündür”.

Arzu Poladova