Uşaqlarda xarici cizgi filmlərinin dil inkişafına təsiri
Son illərdə xarici cizgi filmlərinə həddindən artıq maraq göstərən uşaqlar arasında ana dilindən uzaqlaşma halları artmaqdadır. Bu tendensiya xüsusilə, erkən yaşlarda dil formalaşmasına mənfi təsir edərək, uşaqların söz ehtiyatının zəifləməsinə və fikirlərini ana dilində düzgün ifadə etməkdə çətinlik çəkməsinə səbəb olur.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında psixoloq Nabat Mirzəyeva bildirib ki, son illərdə xarici cizgi filmlərinə marağın artması müşahidə olunur:
“Bu isə istər-istəməz uşaqlarda həm müsbət təsirlər, həm də müəyyən risklər yarada bilər. Mövzuya balanslı yanaşdıqda daha yaxşı nəticə əldə etmək mümkündür.
Xarici cizgi filmləri uşaqların dil inkişafına iki istiqamətdə təsir göstərir. Bir tərəfdən, uşağın kiçik yaşlardan dili eşitməsi və həmin dilə qarşı maraq göstərməsi onun dil öyrənmə qabiliyyətini gücləndirə bilər. Bu, eşitmə yaddaşını və tələffüz bacarıqlarını inkişaf etdirir.
Digər tərəfdən, əgər uşaq xarici dildən daim istifadə edirsə və ana dilində söz ehtiyatı zəifdirsə, valideynlər də onunla ana dilində deyil, daha çox izlədiyi dildə ünsiyyət qurursa, bu zaman uşağın ana dilində söz ehtiyatı zəifləyə bilər. Nəticədə uşaq fikirlərini ifadə edərkən çətinlik çəkər, söz tapmaqda çətinlik yaşayar və nitqi qarışıq olar.
Uşaq ilk növbədə öz ana dilini formalaşdırmalıdır və valideynlər bu prosesdə ona dəstək olmalıdırlar. Evdə əsas ünsiyyət dili ana dili olmalıdır. Çünki ana dili uşağın düşünmə, fikrini ifadə etmə və sosial münasibətlər qurmasında mühüm rol oynayır. Xarici dil isə bunun üzərinə əlavə kimi inkişaf etdirilməlidir”.
Əlavə olaraq psixoloq bildirib ki, bu balansı qorumaq üçün bir neçə məqama diqqət yetirilməlidir:
“İlk olaraq, uşağın izlədiyi məzmunun dilinə nəzarət edilməlidir. Yalnız xarici deyil, ana dilində olan cizgi filmlər də izlənməlidir. Vaxt bölgüsü aparmaq faydalıdır: müəyyən zaman xarici dilə, müəyyən zaman isə ana dilinə ayrılmalıdır.
Eyni zamanda valideyn ünsiyyəti də çox vacibdir. Uşaqla gündəlik həyatda ana dilində danışmaq, kitab oxumaq və müzakirələr aparmaq dil inkişafını gücləndirir. Uşağın izlədiyi xarici cizgi filmləri passiv deyil, aktiv şəkildə qavraması üçün ona suallar verilməli və müzakirələr ana dilində aparılmalıdır.
Nəticə olaraq, xarici dildə cizgi filmlərindən istifadə düzgün yanaşma ilə çox faydalı ola bilər. Lakin ana dili əsas ünsiyyət və düşüncə vasitəsi kimi mütləq qorunmalıdır. Sağlam dil inkişafı üçün əvvəlcə ana dili möhkəm təməl üzərində qurulmalı, daha sonra isə xarici dil balanslı şəkildə əlavə olunmalıdır. Əks halda, ana dili kifayət qədər inkişaf etməzsə, bu gələcəkdə uşaq üçün müəyyən problemlərə səbəb ola bilər”.
Səadət Əlizadə