00:00:00
Yazar
Admin User
11.10.2023 11:10 434 4 dəq oxuma
Sosial

Uşaqların belini əyən təhsil sistemi

Uşaqların belini əyən təhsil sistemi

Sağlam təhsil, sağlam gələcək deməkdir. Bəs, günümüzdə parta arxasında oturan şagirdlər nə dərəcə sağlamdır?
Təəsüflər olsun ki, məktəblilərin çantalarının ağırlığı, dərs sayısına əsasən, hər gün çantalarında apardıqları kitablar, dəftərlər onlar üçün həm fiziki problem, həm də məktəbə qarşı həvəssizlik yaradır. 

İnformator.az məsələ ilə bağlı araşdırma edib.

Uzman fizioterapevt Əziz Dəvrişoğlu İnformator.az-a açıqlamasında deyir ki, məktəblilərdə, azyaşlı uşaqlarda məktəb çantalarının ağırlığı onurğada problemlər, skolyoz, kifoz yaranması kimi fəsadlara səbəb olur.

“Çantaların tək tərəfli taxılması bir çox hallarda şagirdlərdə skolyoz, duruş problemi yaradır. Bunların qarşısını almaq üçün uşaqlar çantalarını ikitərəfli taxmalı, mümkün olduqca, təkərli çantalardan istifadə etməli, əgər çanta çox ağırdırsa,valideynindən kömək istəməlidir".

Fizioterapevt qeyd edib ki, çantaların ağırlığından əlavə, uşaqlar masa arxasında oturan zaman düzgün oturmurlar, masaların hündürlüyü, oturacaqların alçaq və ya hündür olması da uşaqlarda oturuşla bağlı problemlər yaradır. Buna görə də uşaqlar öz boyuna uyğun masalardan,oturacaqlardan istifadə etməlidir.

Müsahib əlavə edir ki, əgər uşaqlarda belə problemlər yaranırsa, mütləq şəkildə mütəxəssis nəzarətində olmalı, ən azı ildə bir dəfə, yay tətilində müayinə olunmalıdırlar.
"Əgər onurğada əyilməyə meyillilik varsa, uşaqlara reabilitasiya,idman hərəkətləri, mütəsəssis müdaxiləsi edilməlidir. Yəni, normal müalicə və tez-tez edilən müayinələrlə qarşısı alına bilər".

İbtidai sinif müəllimi Minayə Novruzova isə deyir ki, uşaqlarda skolyoz, kifoz, göz xəstəliklərinin yaranmaması, sağlam təhsil almaları üçün "Sağlam təhsil, sağlam millət" layihəsi yaradıldı.

“Mən həmin siniflərdən birində praktikada oldum. Siniflərin dizaynı, şəraiti əlverişli olsa da, düşünürəm ki, bu layihə xeyli vəsait tələb etdiyindən bütün məktəblərdə tətbiq edilmir. Layihəyə əsasən, şagirdlər 15 dəqiqə əyləşdikdən sonra zəng çalınır, oturan şagirdlərlə ayaq üstündə dayanan şagirdlər yerlərini dəyişir. Partaların biri ayaq üstündə oxumaq üçün hündür, digəri isə alçaqdır. Eyni zamanda, şagirdin gözlərini idman etdirə bilməsi üçün, otağın tavanında müəyyən hərəkətlər olur. Təbii ki, müəllimlər də bu siniflərdə layihəyə uyğun tərzdə dərs keçmək üçün müəyyən təlimlərdən, kurslardan keçir".

Müsahib, dərs saatlarının çox olması yanaşması ilə razılaşdığını da qeyd edib.

“İbtidai sinifdə oxuyan şagirdlər eyni yaşa, eyni fiziologiyaya sahib olmur. Bəzi şagirdlər 6, bəziləri isə 7 yaşında təhsil almağa başlayır. Mən hazırda 3-cü sinif üzrə sinif rəhbəriyəm. Şagirdlərin hamısı eyni boya, çəkiyə sahib deyil və ağır çanta daşımaları mümkünsüzdür. Buna görə də valideyn övladı ilə birlikdə məktəbə gəlir, çantasını daşıyır. Lakin tək gəlib-gedən şagirdlər üçün bu problemdir".

Müəllim düşünür ki, gündəlik fənn sayının 4-dən artıq olması şagird üçün çətinlik yaradır.

"Çox vaxt uşaqların çantaları ağır olmasın deyə, çalışıram ki, ev tapşırığı verilməsin.
Dərsləri daha çox dərsdə keçirəm. Şagirdlər dərsi sinifdə mənimsəyir, mən də meyarlara əsasən, qiymətləndirmə aparıram. Eyni zamanda şagirdlər iş dəftlərini evə aparmır, məktəbdə işləyirlər”.

Minayə xanım rəhbəri olduğu sinifdə belə bir qayda tətbiq etməyi düşünür. Qaydaya görə, əsas fənlərin(Azərbaycan dili,Həyat bilgisi,Riyaziyyat) dərslikləri daim şagirdlərinin çantalarında olmalı, şagird həmin dərsləri həm evdə, həm də sinifdə, lakin əlavə kitablarını yalnız sinifdə oxumalıdır.

Təhsil eksperti İlham Əhmədov saytımıza açıqlamasında bildirdi ki, məktəblilərin dərs yükü çox ağırdır. O, təhsilimizdəki problemlərlə bağlı fikirləri qərəzli mövqe yox, acı reallıqlar, insanların gördüyü problemləri dilə gətirməsi hesab edir. Müsahib əlavə edir ki, təhsilimizdəki problemləri beynəlxalq dəyərləndirmələr, qlobal reytinglər də aydın göstərir.

İlham Əhmədov çantaların ağırlığı, dərsliklərin çox olması ilə bağlı fikirlərini də qeyd edib.
"Uşaqlar məktəbə hər gün həddindən çox kitab, dəftər v.s. apardıqları üçün, onların ağırlığından onurğalarında problemlər yaranır, səhhəti pozulur. 4-5 il əvvəl Elm və Təhsil Nazirliyi tərəfindən “sağlam təhsil” adlı bir layihənı təbliğ edilirdi. İndi isə bu layihə tam tətbiq edilmir. Valideynlər övladlarının çantalarını daşımaq üçün məktəbə qədər onlarla birgə getməyə, sonra da onları qarşılayıb çantanı yenidən evə daşımağa məcburdurlar. 2012-ci ildə "Azərbaycan- 2020: gələcəyə baxış” adlı strategiya qəbul edilmişdi. Bu sənəddə qeyd edilirdi ki, 2020-ci ildə hər bir məktəblinin fərdi planşeti olacaq, amma olmadı. Bu layihə dünyanın bir çox ölkəsində illərdir ki, tətbiq olunur. Bizdə isə hələ də bu reallaşmayıb. Əgər bu iş reallaşsaydı, uşaqların ağır çantaları məktəbə daşımasına ehtiyac olmazdı. Bu halda bütün lazımi dərsliklər elektron formatda planşetlərə yüklənərdi. Bu problemi hələlik başqa yolla da tənzimləmək olar, məsələn, müəllim tədris etdiyi mövzuya dair materialı elektron lövhəyə proeksiya edə bilər, şagirdlər də bu lövhədən tapşırıqları oxuyar və icra edərdilər. Gün ərzində o qədər kitabı daşımaq şagird üçün çətindir, bu yük uşaq fiziologiyası üçün ağırdır, onun fiziki imkanına uyğun deyil.
Buna görə şagirdlərin sağlamlığını da düşünməliyik"
Ekspert fikirlərinə əlavə edir ki, artıq şagirdlərdə 11-ci sinifi bitirdikdə gərginlikdən, yoğunluqdan, məktəbdə və repetitor yanında olan dərslərin yükündən xəstəlik yaranır.

"Düşünürəm ki, bu problemlər həll olmasa, bizim təhsil sahəsində də nailiyyətlərimiz olmayacaq. Bu məsələlərin həlli ilə bağlı nazirlik ciddi düşünməlidir".

Nəzrin Mirzəyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər