Uşaqların məsuliyyətini təkcə valideynlər yox, dövlət və məktəb də daşımalıdır
“Azyaşlılara qarşı zorakılığın artmasının əslində bir neçə səbəbi var. Birincisi stress, ikincisi isə medianın əlçatan olması, yəni xəbərlərin daha çox yayılmasıdır”.
Bu sözləri İnformator.az-a açıqlamasında Lalə Mehralı söyləyib. Onun sözlərinə görə, əvvəllər sosial media bu qədər əlçatan deyildi və zorakılıq halları olanda da mətbuatdan, ictimaiyyətdən gizlədilə bilinirdi.
“Ona görə də biz bu hallardan əvvəl xəbər tuta bilmirdik. Stress faktoruna gəldikdə isə ildən-ilə insanların psixoloji vəziyyəti dəyişir, sosial çevrəsində aqressiv insanların sayı artır. Eyni zamanda isə maddi və mənəvi psixoloji narahatlıq keçirən insanların ilk etdikləri ya özünə, ya da ətrafına zərər vermək olur”.
Sosioloq deyir ki, bu hallar zamanı kimi özünə zərər verir, intihara cəhd edir, kimi isə ətrafına, yaxın çevrəsinə zərər verir.
“Bu zaman da zorakılıq halları yaşanır. Xüsusilə də, pandemiyadan sonra insanların psixoloji vəziyyəti olduqca gərginləşdi. Yəni, o qapanma dövründə əslində, insanların iç üzü açıldı. Ona görə də hesab edirəm ki, stress faktoru bu məsələdə də rol oynayır. Ekoloji problemlərin, təbiətin əslində bizə dinclikdən çox stress yaşatdığı bir növ psixoloji təsir göstərməsinin, havanın, suyun, qidalanmanın da rolu var”.
Lalə Mehralının sözlərinə görə, genetik modifikasiya olunmuş qidalardan tutmuş içdiyimiz suya qədər əslində hər şey insanın bioloji strukturunu dəyişməyə qadirdir və bu da öz növbəsində insanın şüurunu, davranışına təsir edir.
“Ona görə də bütün hərəkətlərimiz bu təsirlər fonunda baş verir. Yəni heç nə səbəbsiz deyil. Bu problemin həlli üçün əslində insanlarla işləmək, maarifləndirmək gördüyümüz kimi bir nəticə vermir. Çünki əgər maariflənmə ilə nəticə əldə olunsaydı, bu günə qədər əlaqədar komitənin seminarların, təlimlərin, dəyirmi masaların, işçi qruplarının apardığı söhbətlərin və s. bir faydası olardı. Faydası olmadığını biz nədən görürük? Bu kimi halların- zorakılığın, intiharların, evdən qaçan yeniyetmələrin sayının artmasından biz görürük ki, maarifləndirmənin heç bir rolu yoxdur. Demək ki, alternativ üsullara keçmək lazımdır”.
Sosioloq düşünür ki, alternativ üsullardan biri və ən sərti cəzalandırma sistemidir ki, bizdə bu sistem olduqca yumşaqdır.
“Məsələn, erkən yaşda nigaha görə bizim qanunlarımız 2 ildən 4 ilə qədər cəzası və müəyyən məbləğdə pul cəzası nəzərdə tutur. Bunu çox yumşaq cəza hesab edirəm. Həm maddi tərəflərini, həm də həbs baxımından olan cəzanı. Yəni, insanlar əslində öz övladını erkən yaşda evləndirir və nəticəsində də 3-5 min cərimə olunur, yaxasını qurtarır. Amma o uşağın isə həyatı məhv olmuş olur, gənc yaşda ailə yükü ilə yüklənir, ana olur, hətta doğuşda ölə bilir. Əslində bunu cəzası heç bir pul cəzasından, heç bir ağırlaşdırılmış həbs cəzalarından adekvat olmur”.
Lalə Mehralı düşünür ki, cəza sistemini ağırlaşdırmaq lazımdır.
“İnsanlar bu cəzanı törədəndə başlarına nə gələcəklərinin fərqinə varmalıdırlar. "Bir təhər yaxa qurtararam", "bir təhər bu məsələdən sıyrılaram" kimi düşüncələrdə olmamalıdırlar. Cəza o qədər yerində və dəqiqliklə təyin edilməlidir ki, başqasının başına gələndən digəri nəticə çıxarsın ki, o bunu elədi, dövlət sərt cəza verdi, mən etsəm deməli məni də gözləyir. Zorakılıqla üzləşən vətəndaşlar həm polisə, həm Ailə-uşaq Komitəsinə, uşaqlar isə Uşaq qaynar xəttinə müraciət edir”.
Sosioloq bu hallarda Uşaq qaynar xəttinin fəaliyyətinin nisbətən passiv olduğunu deyir.
“Çünki hesabat yayımlamırlar, bununla bağlı mətbuata daha çox informasiya ötürmürlər. Onların varlığından uşaqların, yeniyetmələrin çoxusunun xəbəri yoxdur. Bir az maarifləndirmə tərəfini, yəni Uşaq qaynar xəttini tanıtma tərəfini bir az inkişaf etdirmək lazımdır. Uşaqlar bilməlidir ki, çətin halda hara zəng etmək lazımdır”.
Sosioloq polislərin bu məsələdə daha diqqətli olmasını məsləhət görür.
“Zorakılıqla üzləşən bir qadın tutaq ki, polisə zəng edir, polis çalışır ki, onu ailəsi ilə barışdırsın. Əslində burda barışmadan öncə əlaqədar komitəni cəlb etmək, ailədəki problemləri müzakirə etmək, aşkarlamaq və o qadının həyati təhlükəsi varmı, bütün bunlar təmin edilməlidir. Valideynlər övladlarının təhlükəsizliyini əlbəttə ki, təmin edə bilir. Bir valideynin psixoloji durumu yerində deyilsə, problemləri varsa, övladı ilə normal münasibətlər qura bilməyibsə, bunu bütün valideynlərin məsuliyyətsizliyi kimi qələmə vermək doğru deyil”.
Müsahib qeyd edir ki, biz hamımız valideynik, hamımız övladımızın təminatı üçün işləmək məcburiyyətindəyik.
“Ailələr indi əvvəlki kimi geniş tərkibli deyil, ölkədə "cırtdan" ailə modelidir. Valideynlər işdə, uşaqlar məktəbdə, məşğələdə olduğundan nəzarət mexanizmi yüksək səviyyədə deyil. Bu etinasızlıqdan yox, ehtiyacdan bu vəziyyətdədir. Əgər ana uşaqlarına nəzarət etmək üçün işdən çıxmaq məcburiyyətində qalırsa, bu zaman ailənin dolanışıq səviyyəsi zəifləyir. Çünki tək ata ailəyə yetə bilmir. Burda təminat məsələsi zəif olduğuna görə, uşaqlar üzərində nəzarət mexanizmi zəif qurulmaq məcburiyyətində qalır”.
Lalə Mehralı hesab edir ki, ailələri məsuliyyətsizliklə günahlandırmazdan öncə, onların təminat məsələsinə də diqqət yetirmək lazımdır ki, bu ata-ana neçə saat işləyir, uşaqlarla nə qədər vaxt keçirə bilir və keçirdikləri vaxt məhsuldardırmı.
“Bütün bunların ayrı-ayrılıqda təsiri var. Və uşaqlar təkcə valideynin deyil. Bu uşaqlar həm dövlətindir, həm məktəbindir. Əgər övladımız 18 yaşına çatanda, oğlanlarımız əsgər aparılırsa və bu dövlətin keşiyində durmaq onların borcudursa, onda vətənin də borcudur ki, o uşaqların böyümə prosesində dəstək olsunlar. Yəni biz uşaqlarımızı böyüdərkən dövlətin dəstəyini hiss etməliyik. Valideyn, təlim-tərbiyə ocağı və dövlət orqanlarının sıx kontaktı fonunda uşaqlar böyüməlidir. Ona görə də bu təhlükəsizliyi hamı birlikdə təmin etməlidir”.
Sosioloq sonda qeyd edir;
Valideyn evdə təmin edir, amma məktəbə göndərəndə o uşağın məktəbdəki təhlükəsizliyi təmin olunmalıdır. Uşaq məktəbdən çıxıb əgər repetitor yanına gedirsə, yoldakı güvənliyini əlaqədar qurum, yol təhlükəsizlik qurumları təmin etməlidir. Yəni bu birtərəfli olmur. Mən evdə uşağımı qoruyuram, amma yolda, küçədə, ictimai nəqliyyatda necə əmin olmalıyam ki, övladım təhlükəsizdir.
Aynur Babayeva
