00:00:00
Yazar
Asiman Vəliyeva
29.04.2026 19:19 12 2 dəq oxuma
Sosial

Yeni tikililərdə kombi məhdudiyyəti: Mənzil qiymətləri bahalaşa bilərmi?

Yeni tikililərdə kombi məhdudiyyəti: Mənzil qiymətləri bahalaşa bilərmi?

Yeni tikiləcək çoxmənzilli yaşayış binalarında fərdi istilik sistemlərinə dair məhdudiyyətlərin tətbiqi ictimai müzakirələrə səbəb olub. Nazirlər Kabinetinin qərarına əsasən, çoxmənzilli yaşayış binalarında fərdi istilik sistemlərinin quraşdırılmasına məhdudiyyət tətbiq ediləcək.Belə sistemlərin quraşdırılmasına yalnız bina 5 mərtəbəyə qədər olduqda, qaz təchizatı olmadıqda və ya istilik bərpa olunan enerji mənbələri hesabına təmin edildikdə icazə veriləcək.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında əmlak eksperti Elnur Azadov bildirir ki, tikinti sektorunda formalaşacaq yeni qaydaların bazara necə təsir edəcəyini indidən dəqiq demək çətindir:


“Bu təsirin nəticələri yalnız yeni tikilən binalar istifadəyə verildikdən sonra daha aydın görünəcək. Hazırda əsas məsələlərdən biri yeni binaların qanunvericiliyə uyğun şəkildə qaz təchizatına qoşulması və bu prosesin hüquqi baxımdan tənzimlənməsidir. Qanunla nəzərdə tutulur ki, tikilən binalar müəyyən standartlara uyğun şəkildə qaz sisteminə inteqrasiya olunsun. Lakin gələcəkdə bu istiqamətdə əlavə dəyişikliklərin edilməsi də mümkündür. Digər mühüm məsələlərdən biri isə fərdi və ya mini qazanxanaların tətbiqidir. İstisna deyil ki, gələcəkdə tikinti şirkətləri binalar üçün ayrıca mini qazanxanalar inşa etsinlər. Burada əsas müzakirə mövzusu həmin qazanxanaların nə dərəcədə qənaətcil, enerji baxımından səmərəli və sərfiyyatının az olub-olmamasıdır”.

 

Ekspertin sözlərinə görə, bunun nəticələrini isə yalnız praktik istifadədən sonra görmək mümkün olacaq:


“Çox güman ki, qarşıdakı mövsümdən etibarən bəzi binalarda mini qazanxanalar artıq sakinlərin istifadəsinə veriləcək. Məhz həmin təcrübədən sonra onların effektivliyi, təhlükəsizliyi və iqtisadi baxımdan nə qədər əlverişli olduğu barədə daha obyektiv fikir formalaşacaq. Hazırda bu sistemlərin gələcəkdə nə qədər geniş yayılacağı ilə bağlı konkret nəticəyə gəlmək çətindir. Bunun üçün mövcud mini qazanxanaların fəaliyyəti müşahidə edilməli, onların üstün və zəif tərəfləri ortaya çıxmalıdır. Bütün bunlarla yanaşı, gələcəkdə binaların pasportlaşdırılması məsələsi də daha aktual olacaq. Bu proses artıq müəyyən qanunvericilik çərçivəsində tənzimlənməyə başlayıb. Məqsəd ondan ibarətdir ki, binalar daha ergonomik, enerjiyə qənaət edən və təhlükəsizlik baxımından daha dayanıqlı şəkildə layihələndirilsin. Əgər bina enerji itkilərini minimuma endirən standartlara uyğun tikilərsə, həmin binaların saxlanma və enerji xərcləri də daha aşağı olacaq.Son bir il ərzində tikinti və şəhərsalma qanunvericiliyində bu istiqamətdə bir sıra dəyişikliklər edilib. Həmin dəyişikliklər həm mini qazanxanalarla bağlı məsələləri, həm də binaların texniki pasportlaşdırılması və enerji səmərəliliyi ilə bağlı tələbləri əhatə edir. Eyni zamanda, alternativ enerji mənbələrinə maraq da artır. Gələcəkdə tikinti şirkətlərinin və ya digər özəl qurumların alternativ enerji sistemlərinə, xüsusilə günəş batareyalarına üstünlük verməsi mümkündür. Artıq ölkəmizdə də günəş panellərinin istehsalı istiqamətində müəyyən addımlar atılır. Bu isə gələcəkdə enerji təminatında daha müasir və ekoloji baxımdan əlverişli həllərin tətbiqinə şərait yarada bilər”.


Ədilə Hüseynzadə

#xəbər #məhdudiyyəti: #tikililərdə #mənzil #bahalaşa
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər