“Uşaqların reaksiyası bizi çox sevindirdi”
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yeni səhnə əsərinin premyerası keçirilib. "İnformator.az" xəbər verir ki, dekabrın 20-də Şarl Perronun “Küllücə” nağılı əsasında hazırlanan “Büllur başmaq” tamaşası ilk dəfə tamaşaçılara təqdim olunub.
Birhissəli səhnə əsərinin quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatı Ağasəlim Feyzullayev, rejissor assistenti Nəsibə Cənəliyevadır. Tamaşanın plastik həlli isə Ceyhun Dadaşova məxsusdur.
Səhnə əsərində Əməkdar artist Gülər Nəbiyeva, aktyorlar Asya Atakişiyeva, Xalidə Əliməmmədova, Rəşad Səfərov, Hökmə Rəhimzadə, Xəyalə Qasımova, Ümman Budaqov, Ədalət Əbdülsəməd, Ramiq Nəsirov, Yusif Dadaşov və Natiq Fərzəliyev rol alıblar.
Tamaşada ögey ana və bacılarının zülmünə məruz qalan Küllücənin yaşadığı çətinliklərdən, onun xeyirxahlığı və səbrlə pisliklərə qarşı mübarizəsindən bəhs olunur. Sehrbaz qadının köməkliyi ilə Küllücə kralın oğluun təşkil etdiyi ziyafətə qatılır və burada şahzadə ilə qarşılaşır. Ziyafətdən sonra itən büllur başmaq isə hadisələrin əsas xəttini təşkil edir.
Tamaşada Küllücə obrazını canlandıran aktrisa Asya Atakişiyeva təəssüratlarını "İnformator.az"a bölüşüb.O bildirib ki, bu rolu qəbul edərkən müəyyən tərəddüdləri olub:
“Küllücə obrazı mənə veriləndə bir az tərəddüd etdim. Çünki uzun illərdir Göyçək Fatmanı oynayıram və bu obrazları fərqləndirmək çətin idi. Küllücə də demək olar ki, Azərbaycanın Göyçək Fatmasıdır. Amma rejissorumuz Ayla Osmanova Küllücəni Fatmadan daha cəsarətli təqdim etdi. O, xeyirxah və zəhmətkeş bir qızdır".
Aktrisa tamaşanın vizual və musiqi həllini də yüksək qiymətləndirib:
“Tamaşa çox rəngarəngdir, musiqiləri, rəqsləri, kostyumları və səhnə tərtibatı ilə. Tamaşanı oynadıqdan sonra bir daha əmin olduq ki, uşaqlar ‘Büllur başmaq’ tamaşasını çox sevdilər. Onlar tamaşa zamanı replikalarımıza cavab verir, fəal iştirak edirdilər".
Asya Atakişiyeva səhnəarxası əməkdaşların əməyini də xüsusi qeyd edib:
“Bir dəqiqə ərzində səhnə arxasında geyim dəyişmək, qrimi yeniləmək çox çətin idi. Kostyum sexi, qrim, rekvizit, səhnə tərtibatçıları böyük zəhmət çəkdilər. Səhnədə aktyorlar görünür, amma səhnə arxasında görünməyən böyük bir kollektiv var".
O həmçinin işıq və səs rejissorlarının da tamaşanın ərsəyə gəlməsində mühüm rol oynadığını vurğulayıb:
“Biz kollektiv sənətin nümayəndələriyik. Aktyor və rejissor ön planda olsa da, səhnə arxasında çalışan hər kəs bir-birini tamamlayır və bu tamaşanın uğurunda onların əməyinin payı danılmazdır".
Qeyd edək ki, uşaqların böyük marağına səbəb olan “Büllur başmaq” tamaşasının qarşıdan gələn bayram günlərində də nümayiş olunacağı bildirilir.
Ayan Sədi
