“Ustaddan öyrən” layihəsində Kamal Abdulla ilə görüş keçirilib
Bakı Dövlət Universitetində “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə həyata keçirilən “Ustaddan öyrən” layihəsi çərçivəsində növbəti görüş baş tutub. Bu dəfə layihənin qonağı Xalq yazıçısı, Əməkdar elm xadimi, dramaturq və Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla olub.
Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev qonağı salamlayaraq onun universitetin fəxr etdiyi məzunlardan biri olduğunu bildirib:
“Hörmətli Kamal Abdulla, sizi Bakı Dövlət Universitetində görməkdən məmnunluq duyuruq. Siz 1973-cü ildə BDU-nun Filologiya fakültəsini bitirmisiniz və o vaxtdan bəri elmdə, təhsildə və ədəbiyyatda böyük uğurlar qazanmısınız. Akademik, dövlət müşaviri, rektor kimi məsuliyyətli vəzifələrdə çalışaraq ölkəmizdə və beynəlxalq aləmdə tanınmısınız. Dilçilik və mifologiya sahəsindəki tədqiqatlarınız, yüzlərlə məqalə və dərs vəsaitləriniz Azərbaycan elminə mühüm töhfədir. Siz həmçinin müasir Azərbaycan ədəbiyyatının aparıcı nümayəndələrindənsiniz. “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” və digər əsərləriniz teatr səhnələrində də uğurla təqdim olunur. Yaradıcı yanaşmanız tələbələrimiz üçün ilham mənbəyidir”.
Daha sonra çıxış edən Kamal Abdulla tələbələrlə görüşdən məmnunluğunu ifadə edib:
“Universitet illərində keçirdiyim günlər mənim üçün unudulmazdır. O dövrün çayxanaları, otaqları və görüşləri bizim mənəvi dayağımız idi. 1970-ci illərdə Azərbaycan vətəninin problemlərini müzakirə edir, bir-birimizi dəstəkləyirdik. Vətən sevgisi birlik, həmrəylik və məqsəd uğrunda çalışmaqla yaranır. Mən burada ədəbiyyata, dilçiliyə və beynəlxalq əməkdaşlığa maraq qazandım, müxtəlif ölkələrdə təcrübələr əldə etdim. Gələcək sizin əlinizdədir. Bir-birinizi dəstəkləyin və biliklərinizi vətən naminə istifadə edin”.
Tədbir çərçivəsində Kamal Abdulla yeni nəşr olunmuş kitablarını BDU-ya hədiyyə edib.
Görüşün sonunda layihənin bədii hissəsi təqdim olunub və Kamal Abdulla tələbələrin suallarını cavablandırıb.
Mələk Hüseynova
