Uyğurların köçürülməsi ilə bağlı iddialar və reallıqlar
Çin və Türkiyə arasında yayılan uyğurların köçürülməsi iddiası, rəsmi təsdiq olmasa da, həm daxili etnik tarazlıq, həm də geosiyasi maraqlar baxımından diqqət çəkir.
Mövzu ilə bağlı politoloq Natiq Miri "İnformator.az"a bildirib ki, uyğurlar türk əsillidir və böyük tarixə malikdirlər:
"Bu baxımdan demoqrafik vəziyyətə türk etnosu üçün müsbət təsir göstərə bilərlər. Yəni, bu məsələdə zərərdən danışmaq mümkün deyil. Ancaq əsas məsələ uyğurların Türkiyəyə köçürülməsindən çox, onların öz vətənlərini – min illərlə yaşadıqları Çin dövlətini tərk etməsi ilə bağlıdır. Öz yurd-yuvasını qoyaraq Türkiyəyə getmək problemin həlli deyil. Bu səbəbdən, həm uyğurlar, həm də Türkiyə rəhbərliyi üçün belə bir köç məsələnin həlli ola bilməz. Daha doğru yol – uyğurların öz yerlərində, Çinlilərlə bərabər hüquqlu şəkildə yaşamasını təmin etməkdir".
Ekspert əlavə edib ki, kütləvi köç ehtimalı real görünmür:
"Bu cür iddialar doğru deyil və ya Çin–Türkiyə münasibətlərinə xələl gətirmək məqsədilə ortaya atılır.
Çinin bu məsələdə nə qədər maraqlı olduğunu demək çətindir. Ancaq əgər Çin iddia etdiyi kimi, köç edənlər separatizmi körükləyən şəxslərdirsə, təbii ki, dövlət buna maraqlı ola bilər. Çünki separatizm dalğasının, xüsusilə də uyğur bölgəsində, yenidən güclənməsi Çin üçün təhdid hesab olunur. O baxımdan əgər söhbət yüz minlərlə insandan gedirsə, bu, məsələnin mahiyyətini dəyişər. Çünki bu qədər insanı separatizmdə ittiham etmək mümkün deyil.
Bundan başqa, bu qədər insanın köç etməsi də real görünmür. Ona görə də bu iddiaların arxasında dayanan niyyət nə Türkiyənin, nə də uyğurların xeyrinə ola bilər".
Türkan Kərimli
