Vüsal Qasımlının "Geoiqtisadiyyat" kitabı nəşr olunub
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) şöbə müdiri Dr.Vüsal Qasımlının müəllif olduğu "Geoiqtisadiyyat" kitabı ingilis dilində işıq üzü görüb. Müəllif ilk dəfə olaraq geoiqtisadiyyatı müstəqil elm sahəsi kimi təqdim etməklə, onun tərifini və əsas istiqamətlərini müəyyənləşdirə bilib. SAM-dan İnformator-a verilən məlumata görə, kitab 11 fəsildən ibarət olub dünya maliyyə arxitekturası, geoiqtisadi rekalibrasiya, qlobal enerji xəritələnməsi, innovativ inkişaf, su problemləri və s. kimi məsələlərə həsr olunub.
"Geoiqtisadiyyat" kitabı dünya elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Kitab haqqında rəy yazan London Kral Məktəbinin professoru Friedbert Pflüger V.Qasımlının özünəməxsus şəkildə geoiqtisadiyyat konsepsiyasını yaratdığını vurğulayıb. Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunun tədqiqat rəhbəri Dr.Jeh isə "Geoiqtisadiyyat" kitabını "yeni klassika" adlandırıb. Braziliyanın Jetulio Varqas Fondunun prezidenti Prof.Dr.Leal və Hyustondakı Rays Universitetinin iqtisadiyyat üzrə professoru Ted Temzelides də "Geoiqtisadiyyat" kitabını qloballaşma dövründə strateqlər üçün "yol xəritəsi" olaraq səciyyələndirib.
Azərbaycan elmi ictimaiyyətinin görkəmli nümayəndələri Prezident yanında İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov "Geoiqtisadiyyat" kitabını dərin məzmunlu və dünya səviyyəli elmi əsər kimi tövsiyyə edib.
"Geoiqtisadiyyat" kitabının həm də Türkiyənin Anadolu Universiteti tərəfindən təkrar çapı planlaşdırırılır. "Geoiqtisadiyyat" kitabının ilk təqdimatı Azərbaycan Dövlət İqtisad Universitetində keçirildikdən sonra nəşrin dünyanın aparıcı beyin mərkəzləri və universitetlərində təqdimatı olacaq.
