00:00:00
Yazar
Admin User
07.11.2025 18:10 238 3 dəq oxuma
Mədəniyyət

Vahid Əliyevin yaddaşlarda qalan izi

Vahid Əliyevin yaddaşlarda qalan izi

Vahid Əliyevin vəfatı onu tanıyan hər kəs üçün dərin kədər və boşluq yaradıb. Bu gün onun yaxınları, dostları və sənət yoldaşları Vahid Əliyev haqqında xatirələrini bölüşür, onu necə xatırladıqlarını danışırlar.

 

Əməkdar artist Elnur Kərimov Vahid Əliyevlə bağlı xatirələrini “İnformator.az”la bölüşüb. Aktyor bildirib ki, 25 il ərzində Vahid müəllimlə çiyin-çiyinə, indiki Milli Gənc Tamaşaçılar Teatrında çalışıb:

 

“Hətta xatırlayıram ki, mənim ilk rolum Vahid müəllimlə dublyor idi. Onun həmişə gənclərə olan diqqəti, dəyəri, qayğısı və bunun bizə örnək olması ən mühüm məqamlardan biridir. Vahid müəllimin çox maraqlı dünyası, poeziya qəlbi vardı. Biz onu yaratdığı obrazlarla yanaşı, şeirləri ilə də tanıyırdıq. Hər zaman onu sevərək, hörmətlə xatırlayırdıq. Çünki o, gəncləri çox sevirdi, gənclər də onu sevirdi. Tamaşalarımızda Vahid müəllimin iştirakı bizim üçün həm şərəf, həm də məsuliyyət idi. Onu itirdiyimizə görə çox məyusuq. Çünki yaradıcı insan üçün 73 yaş həyatın ən məhsuldar dövrlərindən biridir. Onun arzuları çox idi, enerjisi isə bitməz-tükənməzdi. Yazdığı şeirlərə bəstələnmiş çox maraqlı mahnılar var. Onun “Ömür qatarım” şeirində belə deyilir:

 

Ey ömür qatarım, belə tələsmə,

Bir də bu dünyaya gəlməyəcəyəm.

Doyunca seyr edim gözəl dünyanı,

Bir də bu dünyanı görməyəcəyəm.

 

Onun sənət yolunu yaşadan övladı Ramil var. Allah ona can sağlığı versin, yaradıcılıq uğurları arzulayırıq. Ailəsinə dərin hüznlə başsağlığı bildiririk. Digər teatrlardan da başsağlığı qəbul edirik, çünki Vahid Əliyev bütün Azərbaycan teatrının ruhunu yaşadan dəyərli sənətkar idi. Tanrı bizə də onun kimi şərəfli ömür qismət etsin. Ruhu şad olsun!”

 

Azərbaycan teatr və kino aktrisası, əməkdar artist Mehriban Abdullayeva isə “İnformator.az”a müsahibəsində bildirib ki, Vahid Əliyevin ölüm xəbəri onu dərindən sarsıdıb:

 

“Ümumiyyətlə, hər bir sənət adamının, xüsusilə illərlə eyni səhnəni bölüşdüyüm aktyor yoldaşlarımın itkisi məni çox kədərləndirir.

 

Vahid Əliyevi mən duyğusal, emosional, çılğın, eyni zamanda ürəyi yumşaq bir insan kimi tanıdım. Onunla bir çox tamaşalarda oynamaq mənə də nəsib olub. Qeyd etmək istəyirəm ki, Vahid müəllim çox savadlı, sənətinə dəlicəsinə vurğun bir sənətkar idi. Cavanlara köməyini əsirgəməzdi, onlarla həvəslə söhbət edərdi. Çox maraqlı insan idi, gözəl şeirləri vardı, hətta bədahətən şeirlər qoşurdu.

 

Vahid Əliyevin yeri həmişə görünəcək. Allah rəhmət eləsin, məkanı cənnət olsun”.

 

Gənc Tamaşaçılar Teatrının aktyoru Anar Seyfullayev də “İnformator.az”a açıqlamasında bildirib ki, teatr ailəsinin bir üzvünün həyatdan getməsi onlar üçün çox ağır və təsirli hadisədir:

 

“Vahid müəllim elə bir sənətkar idi ki, o, heç vaxt biz aktyorların yadından çıxmayacaq. Böyüklə böyük, kiçiklə kiçik, uşaqla uşaq idi. Heç vaxt kiminsə xətrinə dəyməməyə çalışırdı.

 

Hətta elə anlar olub ki, hansısa gənc aktyorun səhvini düzəldib, sonra onun yanına gedərək üzr istəyib: ‘Birdən xətrinə dəyərəm, məqsədim səhnə qaydalarını öyrətmək idi’, - deyib. Vahid müəllim canlı teatr idi. Biz gənclər hər zaman onu özümüzə nümunə götürmüşük. Təsəvvür edin, cəmi üç ay əvvəl mənimlə bir səhnəni bölüşən sənətkarı bu gün dəfn etdik. Bu, inanılmaz dərəcədə ağır hissdir. Bir dəfə tamaşada bir sözümü unutmuşdum. Vahid müəllim vəziyyəti dərhal anlayıb səhnədə improvizasiya ilə məni xilas etdi. Sonra soruşdum ki, “necə bildiniz yadımdan çıxıb?”. Gülümsəyib dedi: ‘Oğlum, sənin gözlərindən oxudum”.

 

Vahid müəllim unudulmaz sənətkar, gözəl insan və ailə başçısı idi. Həyatı sevirdi. Allah ona rəhmət eləsin”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər