“Vahid reyestr düzgün tətbiq olunarsa,….” - ŞƏRH
Hesablama Palatası dövlət satınalmalarında bütün təchizatçıları əhatə edən vahid reyestrin yaradılmasını təklif edir. Qurum hesab edir ki, bu addım rəqabəti artırmaqla yanaşı, satınalma proseslərinin daha şəffaf və effektiv təşkilinə xidmət edə bilər.
Mövzu ilə bağlı iqtisadçı Asif İbrahimli “İnformator.az”a açıqlamasında bildirib ki, belə bir reyestrin yaradılması beynəlxalq təcrübəyə uyğun addımdır və düzgün tətbiq olunarsa müsbət nəticələr verə bilər:
“Dövlət satınalmaları sahəsində son illərdə müəyyən şəffaflıq addımları atılıb və elektron platformalar tətbiq olunub. Lakin beynəlxalq standartlara görə yalnız etibarsız təchizatçıların deyil, ümumilikdə bütün bazar iştirakçılarının vahid sistemdə toplanması daha düzgün və müasir yanaşma hesab olunur. Bu, bazarda fəaliyyət göstərən bütün iştirakçıların şəffaf şəkildə görünən olmasına, onların əvvəlki fəaliyyət tarixçəsinin, müqavilə öhdəliklərinin icra səviyyəsinin və ümumi etibarlılıq göstəricilərinin izlənilməsinə imkan yaradır. Belə bir reyestr həm də bazarda təsadüfi və qeyri-peşəkar iştirakçıların rolunu azalda bilər. Eyni zamanda, təchizatçıların qiymətləndirilməsi üçün ölçülə bilən göstəricilərin və səmərəlilik meyarlarının tətbiqi bu sistemi daha da funksional edə bilər. Bu halda dövlət qurumlarının seçim zamanı subyektiv yanaşma imkanları azalır və qərarvermə prosesi daha obyektiv əsaslara söykənir”.
İqtisadçı qeyd edib ki, belə bir sistem satınalma proseslərində şəffaflığı artırmaqla yanaşı, rəqabət mühitinə də müsbət təsir göstərə bilər:
“Əgər sistem düzgün qurularsa, eyni şirkətlərin davamlı olaraq qalib gəlməsi kimi halları daha aydın müşahidə etmək mümkün olacaq. Bu isə bazarda rəqabətin pozulması ilə bağlı riskləri üzə çıxarmağa və onların qarşısını almağa kömək edə bilər. Şəffaflıq yalnız məlumatların toplanması ilə deyil, eyni zamanda həmin məlumatların açıq və əlçatan olması ilə təmin olunmalıdır. Vahid reyestr dövlət qurumlarının işini də xeyli asanlaşdıra bilər. Belə bir baza təchizatçıların yoxlanılması prosesini sürətləndirər, əlavə sənədləşmə yükünü azaldar və qərarvermə müddətini qısaldar. Hər dəfə sıfırdan araşdırma aparmaq əvəzinə, mövcud məlumat bazasından istifadə etmək mümkün olar. Bu da həm vaxt itkisini azaldar, həm də prosedurların daha operativ həyata keçirilməsinə şərait yaradar. Eyni zamanda risklərin əvvəlcədən qiymətləndirilməsi imkanları genişlənər. Əgər bu mexanizm əlavə qeydiyyat prosedurları, icazə sistemləri və bazara giriş baryerləri yaratmaq üçün istifadə olunarsa, bu artıq şəffaflıqdan çox inzibatçılıq alətinə çevrilə bilər. Belə yanaşma xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin bazardan kənarlaşmasına, rəqabət mühitinin zəifləməsinə səbəb ola bilər. Ona görə də əsas məsələ bu sistemin hansı prinsiplərlə və necə tətbiq olunacağıdır. Vahid reyestr yalnız açıq, şəffaf və əlçatan informasiya platforması kimi fəaliyyət göstərdiyi halda real nəticə verə bilər, əks halda isə gözlənilən effekti verməyə bilər”.
Ayşə Müzəfərli