00:00:00
Yazar
Admin User
07.01.2026 17:31 77 2 dəq oxuma
İqtisadiyyat

Vahid xəzinə hesabının idarə edilməsindən 121 milyon manat gəlir əldə olunub

Vahid xəzinə hesabının idarə edilməsindən 121 milyon manat gəlir əldə olunub

Maliyyə Nazirliyinin xəzinədarlıq sistemi çərçivəsində həyata keçirilən  mexanizm nəticəsində 121 milyon manat gəlir əldə olunub ki, bu da büdcə vəsaitlərinin mərkəzləşdirilmiş və rasional idarə olunmasının real nəticəsini göstərir.

 

Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, vahid xəzinə hesabının əsas mahiyyəti dövlət büdcəsindən maliyyələşən bütün qurumların vəsaitlərinin bir mərkəzdə cəmləşdirilməsidir:


“Bu sistem dövlətə istənilən vaxt hansı qurumun hesabında nə qədər vəsait olduğunu dəqiq görməyə imkan verir və maliyyə axınlarının operativ idarə edilməsini təmin edir. Vahid xəzinə hesabı vəsaitlərin səmərəsiz şəkildə “donub qalmasının” qarşısını alır. Əvvəllər bir dövlət qurumunun hesabında artıq vəsait olduğu halda, digər qurumda maliyyə çatışmazlığı yarana, nəticədə əlavə borclanmaya ehtiyac meydana çıxa bilirdi. Vahid xəzinə hesabı bu uyğunsuzluğu aradan qaldıraraq resursların çevik şəkildə bölüşdürülməsinə şərait yaradır. Sistemin ən mühüm üstünlüklərindən biri də müvəqqəti olaraq istifadə olunmayan vəsaitlərin boşda saxlanmamasıdır. Bu vəsaitlər qısa müddətli depozitlərə və qiymətli kağızlara yerləşdirilir və nəticədə dövlət büdcəsi üçün əlavə gəlir formalaşır. Məhz ötən il əldə olunan 121 milyon manat gəlir də bu mexanizmin effektiv tətbiqinin nəticəsidir. Bununla yanaşı, vahid xəzinə hesabı maliyyə nəzarətini gücləndirir, şəffaflığı artırır və resursların daha düzgün qiymətləndirilməsinə imkan yaradır. Dövlət hansı sahədə nə qədər vəsaitə ehtiyac olduğunu daha dəqiq müəyyənləşdirir, artıq xərclərin və səmərəsiz borclanmanın qarşısı alınır”.

 

Ekspertin fikrincə, bu mexanizm təkcə əlavə gəlir mənbəyi deyil, eyni zamanda maliyyə intizamının möhkəmləndirilməsi baxımından da mühüm alətdir:

 

“Vahid xəzinə hesabı dövlət maliyyə idarəçiliyində riskləri azaldır, xərclərin optimallaşdırılmasına kömək edir və büdcə siyasətinin daha çevik həyata keçirilməsinə şərait yaradır. Beləliklə, vahid xəzinə hesabının idarə olunması nəticəsində əldə edilən 121 milyon manatlıq gəlir dövlət vəsaitlərinin düzgün idarə edildiyini, maliyyə resurslarından maksimum səmərə ilə istifadə olunduğunu və bu mexanizmin büdcə üçün strateji əhəmiyyət daşıdığını bir daha təsdiqləyir”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər