Valideyn nəzarəti harada bitməlidir? Qayğı ilə müdaxilə arasındakı incə xətt
Valideyn nəzarəti uşağın təhlükəsizliyi və düzgün inkişafı üçün vacib hesab olunur. Lakin bu nəzarət həddindən artıq olduqda, uşağın müstəqil qərarvermə bacarığını zəiflədə, psixoloji təzyiqə çevrilə bilər. Bu sual bu gün bir çox ailədə müzakirə mövzusuna çevrilib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında psixoloq Nizami Orucov bildirib ki, valideyn nəzarətinin sağlam forması uşağın yaşına və inkişaf səviyyəsinə uyğun şəkildə qurulmalıdır:
“Kiçik yaşlarda nəzarət daha çox qoruyucu xarakter daşıyır, lakin uşaq böyüdükcə bu nəzarət tədricən müşahidə və yönləndirmə formasına keçməlidir. Sağlam nəzarət qadağalar üzərindən deyil, etimad, açıq ünsiyyət və izah üzərindən qurulur. Uşaq nə üçün hansı qaydanın olduğunu başa düşəndə, ona əməl etməyə daha meyilli olur. Həddindən artıq nəzarət uşağın psixologiyasında ciddi təsirlər yarada bilər. Belə uşaqlarda özünə inamsızlıq, qərar verməkdə çətinlik, daim təsdiq axtarma və ya əksinə gizli üsyan davranışları formalaşa bilər. Uşaq səhv etmək haqqının əlindən alındığını hiss etdikdə ya qorxaq və asılı, ya da aqressiv və müqavimətli olur. Bu da uzunmüddətli perspektivdə psixoloji gərginliyə səbəb olur. Valideyn nəzarəti ilə uşağın şəxsi azadlığı arasındakı sərhəd uşağın təhlükəsizliyini riskə atmadan onun seçim etməsinə imkan verməkdən keçir. Uşağın fikirlərinə hörmət etmək, müəyyən məsələlərdə qərar vermək haqqı tanımaq və onun məsuliyyət daşımasına şərait yaratmaq bu sərhədi qorumağın əsas yoludur. Valideynin rolu uşağın həyatını idarə etmək yox, onu həyata hazırlamaqdır”.
Banuçiçək Məmmədova
