Valideynin gözü arxada qalmayacaq: Övladınızın məktəbə girdiyini telefonunuz deyəcək
Bakı şəhər 12 nömrəli tam orta məktəbdə innovativ "Elektron davamiyyət" sistemi istifadəyə verilib. QR kod texnologiyasına əsaslanan bu sistem şagirdlərin məktəbə girişini avtomatik qeyd edir. Məlumatlar anında həm məktəb rəhbərliyinə, həm də valideynlərin mobil telefonuna göndərilir.
Hazırda pilot mərhələdə olan sistem 10 sinfi əhatə edir, lakin yaxın gələcəkdə bütün məktəbdə tətbiqi nəzərdə tutulub.
Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında yeni sistemin üstünlüklərini və diqqət yetirilməli məqamları qeyd edib:
"Bu sistem şagirdlərlə yanaşı, müəllim və texniki heyətin də giriş-çıxışına elektron nəzarət etməyə imkan verir. Bu, təhlükəsizlik baxımından çox vacibdir. Əgər layihə özünü doğruldarsa, gələcəkdə digər təhsil müəssisələrində də tətbiq oluna bilər. Sistemin effektivliyi həm də kiber-təhlükəsizlikdən asılıdır. QR kodların başqasına ötürülməsi və ya sistemə kənar müdaxilə hallarının qarşısı öncədən alınmalıdır. Əgər qabaqlayıcı tədbirlər tam görülübsə, bu, çox mütərəqqi bir addımdır".
Bu texnologiyanın tətbiqi paytaxt məktəblərində rəqəmsal transformasiyanın tərkib hissəsi kimi qiymətləndirilir.
Mələk Hüseynova