Valyuta ehtiyatlarımız rekord həddə çatıb
“İqtisadi inkişafa gəldikdə, biz bu il əldə olunmuş uğurlarla fəxr edə bilərik”.
Bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib.
Valyuta ehtiyatlarımızın tarixi rekord həddə çatdığını, 80 milyard dollardan artıq olduğunu vurğulayan dövlətimizin başçısı xarici borcumuzun daha da aşağı düşdüyünü, bu gün ümumdaxili məhsulumuzun cəmi 6,3 faizini təşkil etdiyini söyləyib. Bildirib ki, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 16 dəfə üstələyir.
Mövzu ilə bağlı “İnformator.az”a iqtisadçı ekspert Günay Hüseynova açıqlama edib:
“İlk növbədə qeyd etmək lazımdır ki, Cənab Prezidentin açıqlamaları cari il üçün milli valyutanın dəyərdən düşməsi riskinin olmadığını deməyə əsas verir. Bununla belə, neft qiymətlərində kəskin eniş baş verərsə, valyuta ehtiyatları hesabına manatın məzənnə sabitliyinin qorunması mümkün olacaq.
Valyuta ehtiyatlarının proqnozlaşdırılan rəqəmlərdən yüksək olması, ilk növbədə, ölkədə güclü və dayanıqlı iqtisadi inkişafın göstəricisidir. Eyni zamanda bu amil vətəndaşların sosial-iqtisadi rifah səviyyəsinin yüksəldilməsi baxımından mühüm iqtisadi əhəmiyyət daşıyır”.
Ekspert qeyd edib ki, xarici borcun Ümum Daxili Məhsulun 6,3 faizi səviyyəsində olması kritik və ya iqtisadi baxımdan ağır vəziyyət hesab edilmir:
“Xarici borcların formalaşması çox zaman iri infrastruktur layihələrinin icrası, quruculuq və bərpa işləri ilə bağlı olur. Bu isə borcun həddindən artıq olması anlamına gəlmir. Məlumdur ki, Qarabağın bərpası və yenidən qurulması üçün külli miqdarda vəsait ayrılıb və bu xərclərin bir hissəsi xarici borcların tərkibində əks olunub. Qlobal iqtisadiyyatda demək olar ki, borcu olmayan ölkə yoxdur. Əsas məsələ həmin borcun gəlir gətirən sahələrə yönəldilməsi, eləcə də adambaşına düşən borc yükünün məqbul səviyyədə saxlanılmasıdır.
Valyuta ehtiyatlarının xarici borcu dəfələrlə üstələməsi ölkənin maliyyə dayanıqlığının göstəricisi olmaqla yanaşı, xaricdə investisiya yatırmaq və müxtəlif layihələrin icrası üçün də geniş imkanlar yaradır. Məlumdur ki, təbii ehtiyatlar tükənə bilən resurslardır, davamlı və stabil gəlirlər isə uzunmüddətli iqtisadi sabitliyin əsas göstəricisi hesab olunur. Məhz bu baxımdan valyuta ehtiyatlarının mövcud səviyyəyə çatması uğurlu və düşünülmüş iqtisadi siyasətin nəticəsi kimi qiymətləndirilməlidir”.
Ləman Mahmudlu
