Valyuta ehtiyatlarında irəliləyiş: Azərbaycanın maliyyə dayanıqlığı güclənir
Bu ilin 10 ayında Azərbaycanın strateji valyuta ehtiyatları 16,2 % artaraq 82,5 milyard ABŞ dollarına yüksəlib. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən iclasda bildirib.
Onun sözlərinə görə, oktyabrın sonuna olan vəziyyətə əsasən, yalnız Mərkəzi Bankın ehtiyatları 11,4 milyard dollar təşkil edib.
Kazımov vurğulayıb ki, ölkənin strateji ehtiyatları beynəlxalq kifayətlilik normalarını əhəmiyyətli dərəcədə üstələyir və 37 aylıq mal və xidmət idxalını təmin etməyə qadirdir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən iqtisadçı Vüqar Bayramov bildirib ki, ehtiyatlardakı artımın əsas səbəblərindən biri Dövlət Neft Fondunun (ARDNF) gəlirlərindəki yüksəlişdir:
“Neftin bazar qiymətinin optimal olması valyuta ehtiyatlarımıza birbaşa təsir göstərib. Neft Fondunun vəsaitlərinin səmərəli idarə olunması və əldə edilən gəlirlər valyuta ehtiyatlarımızın artmasına səbəb olub.
Mərkəzi Bankın valyuta ehtiyatlarındakı artım həm də valyuta bazarındakı sabitliklə əlaqədardır.
2025-ci ildə bazarda sabitlik qorunub saxlanılıb. Bəzi hallarda Mərkəzi Bank valyuta alışı həyata keçirib. Ehtiyatların çoxluğu iqtisadi sabitliyi dəstəkləyən mühüm amildir. Bu, həm də təhlükəsizlik yastığı rolunu oynayır və manatın məzənnəsinə təsir edən əsas faktorlardandır".
Aygün Babayeva
