Varikoz hansı təhlükəli fəsadlara yol aça bilər?
Varikoz genişlənməsi (damarların genişlənməsi) bir çox hallarda ilkin mərhələdə ciddi problem kimi qəbul edilmir. Lakin zamanla bu vəziyyət qan dövranının pozulmasına, ağrıya və digər fəsadlara səbəb ola bilər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Kliniki Tibbi Mərkəz kardiologiya şöbə müdiri Səbinə Babayeva bildirib ki, varikoz sadə damar problemi deyil, vaxtında müdaxilə olunmadıqda ciddi və təhlükəli ağırlaşmalar yarada bilər:
“Varikoz damarların genişlənməsi və ya xroniki varikoz xəstəliyi aşağı ətraf venalarının genişlənməsi və qapaq çatışmazlığı ilə xarakterizə olunan xroniki damar xəstəliyidir. İlk mərhələlərdə sadəcə estetik problem kimi görünsə də, zamanla ciddi fəsadlara səbəb ola bilər. Varikoz aşağıdakı hallarda artıq təhlükəli hesab edilir. Xroniki venoz çatışmazlıq inkişaf etdikdə; bu zaman ayaqlarda daimi şişkinlik, ağırlıq hissi, gecələr ayaqlarda qıcolmalar, dəridə hiperpiqmentasiya meydana çıxır. Bu artıq xəstəliyin proqressivləşdiyini göstərir. Tromboz ən təhlükəli hallardan biridir. Əlamətləri damar boyunca ağrı, qızartı, toxunduqda sərtlikdir. Bu vəziyyət tromboflebit adlanır və müalicə olunmazsa daha dərin venalara keçə bilər. Dərin venaların trombozu isə ağciyər arteriyasının tromboemboliyasına gətirib çıxara bilər. Trofik yaralar, qanaxma və dəridə sərtləşmə kimi hallar da ağır mərhələnin göstəricisidir”.
Həmçinin ekspert vurğulayıb ki, Varikoz genişlənməsinin yaranmasının əsas mexanizmi venalarda qapaq aparatının zəifləməsi və qan durğunluğudur:
“Normalda venalarda olan qapaqlar qanın geri axmasının qarşısını alır. Qapaqlar zədələndikdə qan aşağı ətraflarda yığılır, damar divarına təzyiq artır və damar genişlənir. İrsi meyillik ən önəmli faktorlardan biridir: damar divarının zəifliyi genetik ötürülür. Hormonal dəyişikliklər, xüsusilə qadınlarda estrogen və progesteron damar divarını zəiflədən amildir. Hamiləlik zamanı venoz təzyiqin artması da təsir edir. Uzun müddət ayaqüstə qalmaq və ya oturaq həyat tərzi, artıq çəki, ağır fiziki yüklənmə, yaşlanma və travmalar da risk yaradır”.
Ekspertin sözlərinə görə, sağlam həyat tərzi və erkən profilaktika varikozun qarşısını almaqda əsas rol oynayır:
“Varikoz genişlənməsinin tam qarşısını hər zaman almaq mümkün olmasa da, düzgün profilaktik yanaşma ilə onun inkişafını ləngitmək və ağırlaşmaların qarşısını almaq mümkündür. Fiziki aktivliyin artırılması ən vacib tədbirlərdən biridir. Gündəlik gəzinti, üzgüçülük və velosiped sürmək, uzun müddət hərəkətsiz qalmamaq venoz qan dövranını yaxşılaşdırır. Uzun müddət ayaqüstə və ya oturaq qalmaqdan çəkinmək, çəkiyə nəzarət, balanslı qidalanma və duzun azaldılması da önəmlidir. Kompression corabların istifadəsi, rahat ayaqqabı seçimi və hamiləlik dövründə profilaktika vacibdir. Həkim nəzarəti, venotonik preparatlar və doppler müayinəsi də tövsiyə olunur”.
Arzu Poladova