00:00:00
Yazar
Güllər Gülhüseynova
04.11.2026 21:53 20 2 dəq oxuma
Siyasət

Vaşinqton-Tehran qarşıdurmasında yeni mərhələ: Hərbi təhdidlər və nüvə düyünü

Vaşinqton-Tehran qarşıdurmasında yeni mərhələ: Hərbi təhdidlər və nüvə düyünü

ABŞ və İran arasında münasibətlər yenidən gərginləşir. Prezident Donald Trampın Tehrana qarşı hərbi əməliyyatların bərpası ilə bağlı təhdidləri və bölgəyə əlavə hərbi qüvvələr cəmləşdirməsi mümkün eskalasiya ehtimalını artırır. Vaşinqtonun bu addımları İranı nüvə proqramı ilə bağlı danışıqlarda güzəştə getməyə məcbur etmək cəhdi kimi qiymətləndirilir. Bununla belə, tərəflərin prinsipial mövqeləri razılaşma perspektivlərini çətinləşdirir.

 

Siyasi şərhçi Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Trampın hədələyici bəyanatları ilə yanaşı, İran ətrafında hərbi birləşmələrin, təyyarə və gəmilərin cəmləşdirilməsi Vaşinqtonun təzyiq siyasətinin tərkib hissəsidir. Onun sözlərinə görə, ABŞ bu yolla hərbi müdaxilə ehtimalının real olduğunu göstərərək Tehranın danışıqlarda geri addım atmasına nail olmağa çalışır. Ekspert hesab edir ki, qarşılıqlı sərt ritorika regionda gərginliyin artdığını və yaxın perspektivdə sülhün əldə olunmasının çətinliyini göstərir.

 

Nüvə proqramı məsələsinə toxunan A.Quliyev bu mövzunun həm Tramp, həm də İran üçün prinsipial əhəmiyyət daşıdığını vurğulayıb. O xatırladıb ki, 2015-ci ildə İranın nüvə proqramı ilə bağlı əldə olunan razılaşmadan ABŞ 2018-ci ildə Trampın qərarı ilə çıxıb. Hazırda Vaşinqtonun əsas tələbi İranın uranın zənginləşdirilməsindən tamamilə imtina etməsi və mövcud zənginləşdirilmiş uran ehtiyatlarını ölkədən çıxarmasıdır. Tramp üçün ən əlverişli variant isə həmin ehtiyatların ABŞ-yə verilməsidir.

 

Ekspertin fikrincə, Tehran bu şərtləri qəbul etməyə hazır deyil. İran nüvə texnologiyasını uzun illər ərzində formalaşdırdığı elmi və texnoloji potensialın bir hissəsi hesab edir. Buna görə də proqramdan imtina etməyi öz milli maraqlarına zidd addım kimi qiymətləndirir. A.Quliyev hesab edir ki, Vaşinqton mövcud tələblərində israr edərsə, tərəflər arasında ortaq məxrəcə gəlmək mümkün olmayacaq.

 

Siyasi şərhçi hərbi müdaxilə və nüvə zərbəsi ilə bağlı təhdidlərin diplomatik danışıqlarla ziddiyyət təşkil etdiyini də qeyd edib. Onun sözlərinə görə, Trampın bir tərəfdən diplomatik həll yolları axtarması, digər tərəfdən isə İranı yeni hərbi əməliyyatlarla hədələməsi ABŞ prezidentinin beynəlxalq mövqeyini zəiflədir və ona olan etimadı sarsıdır.

 

A.Quliyev ABŞ-dəki seçki nəticələrinin də Trampın xarici siyasətinə təsir göstərə biləcəyini düşünür. Onun qənaətinə görə, Respublikaçılar Partiyası daxilində prezidentin siyasətindən narazılıq artır və partiya artıq 2028-ci il prezident seçkilərinin perspektivlərini nəzərə alır. Respublikaçılar növbəti seçkiyə Trampsız və fərqli namizədlə qatılmaq ehtimalını da dəyərləndirirlər. Bu baxımdan, İran və Ukrayna məsələlərində hərbi yönümlü siyasətin davam etdirilməsi partiya daxilində Trampa qarşı narazılığı daha da gücləndirə bilər.

 

Ekspertin proqnozuna görə, daxili siyasi təzyiqlər Trampı xarici siyasətdə daha ehtiyatlı davranmağa vadar edə bilər. O, prezidentin hakimiyyətinin qalan iki ili ərzində Yaxın Şərqdə nə müharibənin, nə də davamlı sülhün əldə olunacağını gözləyir. Beləliklə, ABŞ və İran arasında qeyri-müəyyənlik və gərginliyin uzun müddət davam etməsi ehtimalı yüksəkdir.

 

Fatimə Hüseynova

#baki #qarşıdurmasında #azərbaycan #təhdidlər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər