00:00:00
Yazar
Güllər Gülhüseynova
02.07.2026 19:29 32 3 dəq oxuma
Siyasət

Vaşinqton-Tehran xəttində yeni mərhələ

Vaşinqton-Tehran xəttində yeni mərhələ

ABŞ-İran münasibətləri, aparılan danışıqlar dünyanın diqqət mərkəzindədir. İyunun 28-29-da tərəflər qarşılıqlı olaraq bir-birinin maraqların zidd hərbi əməliyyatlar keçirib. Bunun ardınca Vaşinqton və Tehran atəşkəslə bağlı razılaşıblar. Bu hadisədən sonra müharibənin bitdiyinə dair açıqlamalar da verilir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib ki, Amerika Birləşmiş Ştatları ilə İran arasında əldə olunan atəşkəs, əlbəttə ki, çox kövrəkdir:

 

“Bu prosesin uzunmüddətli və dayanıqlı olub-olmayacağı hələ də sual altındadır. Çünki İranda qərarverici mərkəz tək deyil. Müxtəlif güc mərkəzləri fərqli mövqelər nümayiş etdirirlər. Bir tərəfdən prezident Məsud Pezeşkian sülhün və danışıqların vacibliyini vurğulayır, digər tərəfdən isə SEPAH, dini dairələr və digər təsir qrupları tamamilə fərqli xətt yürüdür. Bəzən heç bir zərurət olmadan raket və ya PUA-larla müxtəlif ölkələrə zərbələr endirilir və bununla ABŞ-yə mesaj verildiyi düşünülür. Halbuki bunun Amerika üçün ciddi nəticəsi olmur. Belə bir şəraitdə atəşkəsin uzunömürlü olacağını söyləmək qeyri-mümkündür. Mövcud sabitlik hələlik yalnız bir razılaşmadır və onun davamlılığına təminat yoxdur. Bu proses yalnız o zaman sabit xarakter ala bilər ki, İranda vahid qərarvermə mexanizmi formalaşsın və ölkədə söz sahibi olan yeganə siyasi hakimiyyət bərqərar olsun. Hazırda həm daxili mərkəzlər fərqli xətt izləyir, həm də İranın xaricdə dəstəklədiyi proksi qruplar müstəqil fəaliyyət göstərir. Bu amil istənilən razılaşmanı risk altında saxlayır. ABŞ-də isə vəziyyət fərqlidir. Dövlət siyasəti vahid mərkəzdən idarə olunur və rəsmi mövqe aydındır. Paralel və bir-birinə zidd qərarverici strukturlar yoxdur. İran bu qarşıdurmadan ciddi şəkildə məğlub çıxıb. Rəsmi Tehran bunu etiraf etməsə və özünü qalib kimi təqdim etməyə çalışsa da, reallıq fərqlidir. İran təkcə hərbi baxımdan deyil, həm də siyasi və psixoloji baxımdan ağır zərbə alıb. Ölkənin yüksək rütbəli hərbi rəhbərləri və mühüm şəxslərinin məhv edilməsi, İranın təhlükəsizlik sistemindəki ciddi zəiflikləri və boşluqları ortaya qoyub”.

 

Siyasi şərhçinin sözlərinə görə, əgər İran vaxtında diplomatiya yolunu seçsəydi, mövcud vəziyyətdən daha əlverişli şərtlərlə çıxa bilərdi:

 

“Lakin bu fürsət əldən verilib və indi Tehran daha zəif mövqedən danışıqlar aparmağa məcburdur. Hazırda əsas məqsəd daha çox ölkənin nüfuzunu və siyasi simasını qorumağa çalışmaqdır. Qərblə ciddi geosiyasi rəqabət aparan əsas güclər Rusiya, İran və Çindir. ABŞ son illərdə əvvəlcə Rusiyanın Ukraynadakı müharibə səbəbindən ciddi resurs itirməsinə nail olub, daha sonra isə İranın imkanlarını əhəmiyyətli dərəcədə zəiflədib. Bu baxımdan növbəti strateji diqqətin Çinə yönələcəyi ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Çinin iqtisadi, demoqrafik və hərbi potensialı əvvəlki nümunələrdən xeyli fərqlənir. Buna görə də gələcək inkişafın necə olacağını indidən qəti şəkildə proqnozlaşdırmaq mümkün deyil. Hazırkı mərhələdə ABŞ qlobal mövqelərini möhkəmləndirməyə və beynəlxalq sistemdə təsir imkanlarını genişləndirməyə çalışır”.

 

Selcan Xudiyeva

#ABŞ #İran #Tehran #Vaşinqton #danışıqlar #Çin #siyasət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər