00:00:00
Yazar
Səadət Əlizadə
29.10.2026 20:39 46 2 dəq oxuma
İqtisadiyyat

Venesuela İngiltərə Bankından 31 ton qızıl ehtiyatının qaytarılmasını tələb edir

Venesuela İngiltərə Bankından 31 ton qızıl ehtiyatının qaytarılmasını tələb edir

Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes İngiltərə Bankında saxlanılan və dəyəri təxminən 4,8 milyard dollar qiymətləndirilən 31 ton qızıl ehtiyatının ölkəyə qaytarılmasını tələb edib. O, məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə və Baş Prokurorluğa müvafiq tədbirlərin görülməsi barədə göstəriş verib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən iqtisadçı Akif Nəsirli bildirdib ki, Venesuelanın 31 ton qızıl ehtiyatının İngiltərə Bankından geri qaytarılmaması ölkənin legitim rəhbərliyinin tanınması ilə bağlı mübahisədən qaynaqlanır:

 

 

"Qızıl ehtiyatlarının geri qaytarılmamasının əsas səbəbi Böyük Britaniya ilə Venesuela arasında ölkəni beynəlxalq müstəvidə kimin təmsil etmək hüququna malik olması ilə bağlı yaranan siyasi və hüquqi mübahisədir. London 2019-cu ildə müxalifət lideri Xuan Quaidonu Venesuelanın prezidenti kimi tanıyıb. Nəticədə ölkənin Mərkəzi Bankı adından qızıl ehtiyatları üzərində sərəncam vermək səlahiyyətinin kimə məxsus olması məsələsi Britaniya məhkəmələrində müzakirə olunub. Beləliklə, mübahisə təkcə qızılın Venesuelaya məxsus olması ilə deyil, həm də ölkəni kimin qanuni şəkildə təmsil etməsi ilə əlaqədardır".

 

Onun fikrincə, Venesuela hökumətinin qızılı geri almaq üçün hüquqi addımlar atması mümkündür, lakin məhkəmə qərarları və siyasi maneələr prosesi çətinləşdirə bilər:

 


"Bəli, hüquqi addımlar nəticə verə bilər, lakin bunun üçün qızıl ehtiyatları üzərində sərəncam vermək səlahiyyətinin kimə məxsus olduğu məsələsi aydınlaşdırılmalıdır. Britaniya məhkəmələrinin əvvəlki qərarları göstərir ki, qızılın Venesuelaya məxsus olması onun avtomatik olaraq ölkənin hazırkı rəhbərliyinə təhvil verilməsi demək deyil. Bu prosesdə siyasi fikir ayrılıqları, mümkün sanksiyalar və qızılın istifadəsinə dair hüquqi təminatlar da maneə yarada bilər. Buna görə məsələnin həlli həm məhkəmə qərarlarından, həm də tərəflər arasında mümkün siyasi razılaşmadan asılıdır".

 

Sonda o bildirib ki, qızıl ehtiyatlarının geri qaytarılması Venesuelanın maliyyə imkanlarını genişləndirə və Böyük Britaniya ilə münasibətlərinə təsir göstərə bilər:

 

 

"Təxminən 4–4,8 milyard dollar dəyərində qiymətləndirilən 31 ton qızıl ehtiyatının qaytarılması Venesuelanın maliyyə imkanlarını genişləndirə, infrastrukturun bərpasına, səhiyyə və elektrik təchizatı kimi sahələrə vəsait yönəltməsinə kömək edə bilər. Bununla belə, qızılın qaytarılması ölkənin iqtisadi böhranını avtomatik həll etməyəcək. Əldə olunan resursların səmərəli və şəffaf idarə olunması, eləcə də iqtisadi islahatların həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Böyük Britaniya ilə münasibətlər baxımından isə mübahisənin razılaşma yolu ilə həlli diplomatik əlaqələrin yaxşılaşmasına şərait yarada bilər, problemin uzanması isə tərəflər arasında qarşılıqlı etimadı daha da zəiflədə bilər".



Fatimə İbrahimova

#venesuela #yeni #ehtiyatının #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər