00:00:00
Yazar
Admin User
28.01.2026 18:36 72 2 dəq oxuma
İqtisadiyyat

Venesuela neft sənayesinə investisiyaları 1,4 milyard dollara çatdırmağı planlaşdırır

Venesuela neft sənayesinə investisiyaları 1,4 milyard dollara çatdırmağı planlaşdırır

Venesuela neft sənayesinə yatırılan investisiyaların həcmini 2026-cı ildə 1,4 milyard ABŞ dollarına çatdırmağı planlaşdırır. Məqsəd ölkəni dünyanın ən böyük neft ehtiyatlarına malik dövlətlərindən biri olmaqla yanaşı, aparıcı neft istehsalçıları sırasına çıxarmaqdır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında enerji eksperti Şaban Nəsirov bildirib ki, Venesuelanın neft sektorunda investisiya planları və real perspektivləri belə qiymətləndirmək olar. Venesuelanın neft sənayesinə 2026-cı il üçün planlaşdırdığı 1,4 milyard ABŞ dolları həcmində investisiya rəsmi açıqlamalarda hasilatın artırılması və ölkənin aparıcı neft istehsalçıları sırasına qaytarılması məqsədi kimi təqdim olunur:

 

“Lakin mövcud struktur problemlər və əvvəlki təcrübələr göstərir ki, bu məbləğin təkbaşına neft hasilatında ciddi və davamlı artım yaratması ehtimalı məhduddur. Uzun illər davam edən sanksiyalar, texnoloji gerilik, infrastrukturun aşınması və kadr çatışmazlığı fonunda Venesuela neft sənayesinin real dirçəlişi üçün daha genişmiqyaslı və sistemli investisiyalar tələb olunur. 1,4 milyard dollar yalnız qısamüddətli texniki bərpa və məhdud hasilat artımı üçün yetərli ola bilər, lakin sektorun fundamental problemlərini həll etmək gücündə deyil.

 

Digər mühüm məqam neft sənayesində elan olunan islahatların xarici investorların etimadını bərpa edib-etməyəcəyidir. Burada əsas problem islahatların məzmunundan çox, onların icra mexanizmi və siyasi kontekstdir. ABŞ-nin Venesuela üzərində təsirinin artması, Çin və Rusiyanın prosesdən kənarda qalması ehtimalı investorlar üçün ikili mənzərə yaradır. Bir tərəfdən ABŞ himayəsi müəyyən hüquqi və maliyyə təminatları vəd edə bilər, digər tərəfdən isə Venesuelanın ‘tam asılı enerji zonası’na çevrilməsi riski investorları ehtiyatlı davranmağa vadar edir. Keçmişdə İraq, Suriya və digər neft ölkələrində müşahidə olunduğu kimi, xarici güclərin neftə fokuslanan siyasəti çox zaman yerli iqtisadiyyatın və əhalinin rifahının inkişafı ilə paralel getməyib.

 

Bu baxımdan Venesuelada planlaşdırılan investisiyaların kağız üzərində qalması və ya əsasən neftin istismarına yönəlməsi ehtimalı yüksək olaraq qalır. Əgər investisiyalar real institusional islahatlar, şəffaf idarəetmə və sosial-iqtisadi bərpa ilə müşayiət olunmasa, bu proses Venesuela xalqının güzəranında ciddi yaxşılaşma yaratmayacaq. Yaxın illərdə əsas göstərici məhz hasilat rəqəmlərindən çox, investisiyaların ölkə daxilində hansı sahələrə yönəldiyi və əhalinin bunu nə dərəcədə hiss etməsi olacaq”.

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər