00:00:00
Yazar
Zəhra Həsənova
14.07.2026 22:05 21 2 dəq oxuma
İqtisadiyyat

"Vergi güzəştləri kraudfandinqə investisiya marağını artıra bilər” - İqtisadçı

"Vergi güzəştləri kraudfandinqə investisiya marağını artıra bilər” - İqtisadçı

Kraudfandinq sahəsinə aid vergi güzəştləri mexanizmlərinin tətbiqi bu istiqamətin inkişafına ciddi töhfə verə bilər.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Elçin Rəşidov bildirib ki, Azərbaycanda kraudfandinq sahəsində vergi güzəştləri ilə bağlı müxtəlif mexanizmlər tətbiq oluna bilər:

 

“Hazırda bu sahə ilə bağlı məlumat və hüquqi tənzimləmə çox geniş deyil. Lakin beynəlxalq təcrübəyə baxdıqda görürük ki, investorların cəlb olunması üçün müxtəlif vergi təşviqləri tətbiq edilir. Məsələn, investorlara gəlir vergisi üzrə güzəştlər verilə bilər ki, bu da onların xalis gəlirlərini artıraraq investisiya qoymağa marağını yüksəldər. Bundan əlavə, ƏDV və digər vergi növləri üzrə də müəyyən güzəştlər tətbiq oluna bilər. Həmçinin investorlar dividendlərini əldə edərkən də vergi güzəştlərindən yararlana bilərlər. Müəyyən müddət ərzində startaplara yönəlmiş bu cür təşviqlər kraudfandinq bazarının inkişafına ciddi töhfə verə bilər. Hazırda Azərbaycanda kraudfandinq bazarı mövcuddur. Bu sahə ilə məşğul olan ayrı-ayrı şəxslər var, lakin bazar çox kiçikdir. Hətta qonşu ölkələrlə müqayisədə də bu istiqamətdə geri qalırıq. Halbuki bu, kifayət qədər perspektivli və maraqlı sahədir. Xüsusilə, kiçik investorların investisiya qoymasına imkan yaradır. Mən hesab edirəm ki, müasir iqtisadiyyatda kraudfandinq olmadan iqtisadi inkişaf daha çətin olar. Bu, iqtisadi artım üçün əlavə imkan yaradan maliyyələşmə mexanizmidir”.

 

İqtisadçının sözlərinə görə, insanlar öz kapitallarını istehsala yönəldə bilirlər:

 

“Çünki hər kəs ideya sahibi olmur, yaxud ideyasını reallaşdırmaq üçün vaxt və imkan tapmır. Kraudfandinq isə müxtəlif insanların vəsaitlərini bir platformada birləşdirərək perspektivli layihələrin maliyyələşdirilməsinə şərait yaradır. Vergi güzəştləri startapların, eləcə də digər kiçik və orta biznes subyektlərinin maliyyəyə çıxışını genişləndirə bilər. Bu, yeni maliyyələşmə kanalıdır və özəl investisiyaların artmasına səbəb olur. Həm investorlar, həm də biznes sahibləri üçün cəlbedici mexanizmdir. Eyni zamanda, sahibkarların daha bahalı bank kreditlərindən asılılığını azaldır və sahibkarlığın inkişafını stimullaşdırır. Nəticədə, iqtisadi artım, investisiyalar, kapital bazarının dərinləşməsi və məşğulluq səviyyəsi də müsbət təsirlənir. Vergi güzəştləri istənilən sahədə investorların xalis gəlirini və gəlir gözləntilərini artırdığı üçün onların investisiya qoymaq həvəsini də yüksəldir. Kraudfandinq də bu baxımdan istisna deyil.

Ancaq vergi güzəştləri təkbaşına kifayət etmir. Bununla yanaşı, sektorda risklər azaldılmalı, hüquqi tənzimləmə daha etibarlı olmalı, investorların hüquqları qorunmalıdır. Kraudfandinq platformalarının fəaliyyəti tam şəffaf təşkil edilməlidir. İnsanlar vəsaitlərinin hara yönəldiyini, necə idarə olunduğunu, gəlirlərin necə formalaşdığını və vergitutmanın necə həyata keçirildiyini aydın şəkildə görməlidirlər. Bütün bu şərtlər təmin edildikdə və vergi güzəştləri ilə birlikdə tətbiq olunduqda, onların təsiri daha böyük və daha effektiv olur. Bundan əlavə, maliyyə savadlılığının artırılması da bu sahənin inkişafı üçün vacib amillərdən biridir”.

 

Selcan Xudiyeva

#gündəm #baki #kraudfandinqə #i̇qtisadçı #güzəştləri
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər